"Heydər Əliyev və İslam həmrəyliyi ideyası"


Mayın 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Sabirabad rayonu İcra Hakimiyyəti və AMEA-nın Fəlsəfə İnstitutunun birgə təşkilatçılığı ilə  Sabirabad rayon Heydər Əliyev mərkəzində "Heydər Əliyev və İslam həmrəyliyi ideyası" mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Sabirabad Rayon İcra Hakimiyətinin başçısı Nazim İsmayılov açaraq bildirib ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla  2017-ci ilin «İslam həmrəyliyi İli" elan edilməsi IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi ölkəmiz üçün böyük tarixi hadisədir.  
İcra başçısı onu da vurğulayıb ki, Prezidentin imzaladığı Sərəncamla bağlı həyata keçirilən tədbirlər İslam həmrəyliyini möhkəmləndirməyə daha da rəvac verəcək, Yaxın Şərqdə və digər bölgələrdə əmin-amanlığın və sülhün təmin olunmasında mühüm rol oynayacaq.

Bundan sonra əsas məruzəçi kimi çıxış edən AMİA-nın Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Sakit Hüseynov Heydər Əliyev və İslam həmrəyliyi ideyasını fəlsəfi cəhətdən şərh edərək bu sahədə Ulu Öndərin uzaqgörənliyinə diqqət çəkib. S.Hüseynov ölkə daxilində müxtəlif dinlərə mənsub insanların həmrəyliyə nail olmasını, təriqətlər arası ayrıseçkiliyə son qoyulmasını, etnik və dini dözümlülüyün bərqərar edilməsini həmrəyliyin başlıca amili kimi dəyərləndirib.

1994-cü ilin 13 dekabrında İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin Dövlət və Hökümət başçılarının Mərakeşin Kasablanka şəhərində keçirilən Zirvə toplantısında Heydər Əliyevin çıxışını xatırladan natiq Ulu Öndərin müsəlman ölkə başçılarına həmrəylik mesajı göndərərık "Azərbaycan Respublikasının Prezidenti kimi mən öz qardaşlarımla-müsəlman dövlətlərinin başçıları ilə şəxsi münasibətlər yaratmağa, aramızda həmrəyliyi möhkəmləndirməyə böyük əhəmiyyət verirəm. Əminəm ki, Mərakeşdəki Zirvə görüşü Azərbaycanın bütün İslam dünyası ilə əməkdaşlığının genişlənməsinə və dərinləşməsinə kömək edəcəkdir" fikirlərini diqqətə çatdırıb.

S.Hüseynov Heydər Əliyevin  İslam həmrəyliyi, millətlərarası və dinlərarası dialoq siyasətini yüksək qiymətləndirən İslam Konfransı Təşkilatının sabiq baş katibi E.İhsanoğlunun Ulu Öndər haqqında dediyi qiymətli fikirlərini də xatırladıb: "Heydər Əliyevin din siyasətinə müasir dünya üçün mühüm bir nöqteyi-nəzərlə bağlı  belə bir tərif vermək istəyirəm: bu siyasət dinlərə sadiq qalan qlobal perspektivli bir siyasətdir. Bu səbəbə görə, XX əsrin sonlarındakı nümunəvi fikirləri və ideyaları ilə ölkəsinin XXI əsr millətlərarası siyasətinə faydalı yollar göstərən böyük lider Heydər Əliyevi bir daha rəhmət və hörmətlə yad edirəm".

Sonda Sabirabad Ziyalılar Cəmiyətinin sədri Böyükağa Həmidov məruzədə səslənən maraqlı fikirlərə öz münasibətini bildirib. 

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun İnformasiya təminatı sektoru
Tarix: 03.05.2017

Son xəbərlər