Rusiyalı siyasətçi Lənkəran ictimaiyyətini erməni terrorunu pisləyən aksiyaya qoşulmağa çağırıb


Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Lənkəran Heydər Əliyev Mərkəzində Rusiyanın tanınmış tarixçi və siyasi analitiki Oleq Yuryeviç Kuznetsovun “XX əsrdə transmilli erməni terrorizmi” mövzusunda mühazirəsi və müəllifi olduğu “XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat” kitabının təqdimatı keçirilib.

Tədbirdə rayonun təhsil işçiləri, ictimaiyyət nümayəndələri, fəal gəncləri iştirak ediblər.

Görüşü giriş sözü ilə açan Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov Oleq Kuznetsovu tədbir iştirakçılarına təqdim edərək,  erməni terrorizmini, xalqımıza qarşı törədilən cinayətləri dolğun və həqiqətlərə uyğun açıb göstərdiyinə görə ona təşəkkürünü bildirib.

Daha sonra söz O.Kuznetsova verilib. Çıxışında rusiyalı siyasətçi əsrlərdən bəri ermənilər tərəfindən dünyanın bir sıra ölkələrində terror əməllərinin törədildiyini, Xocalı soyqırımının da məhz erməni terror təşkilatlarının əli ilə icra olunduğunu tutarlı faktlarla ortaya qoyub. Natiq erməni terrorunun tarixi, mahiyyəti barədə geniş faktlara məxsus olduğunu bəyan edərək, ermənilərin 1988-1994-cü illərdə Azərbaycanda həyata keçirdikləri terror aktlarını dərindən araşdırdığını bildirib. ASALA, Daşnaksütyun kimi erməni terror təşkilatlarının törətdikləri cinayətlərin geniş təhlilini verən tanınmış tarixçi və siyasi analitik uzun müddət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəblərini, erməni terrorizminin mahiyyətini və Azərbaycanın dinc əhalisinə qarşı törədilən cinayətləri tədqiq etdiyini söyləyərək, Xocalı soyqırımının Rusiya Dumasında tanınmasından ötrü Lənkəran ictimaiyyətini https//www.cvhange.org saytında yaradılmış petisiyaya qoşulmağa çağırıb.

Tədbirdə Lənkəran Dövlət Universitetinin kafedra müdiri, dosent Kamran Kazımov, “Lənkəran” qəzetinin baş redaktoru Əlimərdan Əliyev və digərləri çıxış edərək erməni terroru haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırdığına görə Oleq Kuznetsova minnətdarlığını çatdırıblar.

Görüşün sonunda tədbir iştirakçıları hamılıqla erməni terrorunu pisləyən petisiyanı imzalamaq aksiyasına qoşulacağına söz veriblər. 

Azərbaycan Respublikasının Prezidenti yanında 
Bilik Fondunun İnformasiya təminatı sektoru

Tarix: 08.05.2017

Son xəbərlər