Sumqayıt, Qusar, Astara, Şuşa, Şəmkir və Qazax ictimaiyyəti üçün mühazirələr keçirilib


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “İdeoloji, sosial və elmi maarifləndirmə” proqramı üzrə Sumqayıt, Qusar, Astara, Şuşa, Şəmkir və Qazax rayonlarının ictimaiyyəti üçün “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu”, “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzularında silsilə mühazirələr təşkil olunub.
 
Sumqayıt Heydər Əliyev Mərkəzində Şəhər İcra Hakimiyyəti və Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən mühazirədə yerli ictimaiyyətin nümayəndələri – ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər. Fondun keçirdiyi mühazirələrin əhəmiyyətindən danışan Milli Məclisin üzvü Tahir Mirkişi “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzusunda mühazirə ilə çıxış edib.
 
Sumqayıt şəhər S. Rüstəmov adına 3 saylı musiqi məktəbində təşkil olunmuş tədbirdə Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dekanı Əmir Əliyevin “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu” mövzusunda mühazirəsi maraqla dinlənilib.
 
Qusar Rayon İcra Hakimiyyəti və Bilik Fondunun birgə təşkilatçılığı ilə Qusar Rayon Heydər Əliyev Mərkəzində və rayonun Kərim Kərimov adına Hil kənd tam orta məktəbində AMEA Fəlsəfə İnstitutunun direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Eynulla Mədətli “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu”, Fondun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla “İlham Əliyev siyasətində tarix, mədəniyyət və dil məsələləri” mövzularında mühazirələrlə çıxış ediblər. Hil kənd tam orta məktəbində keçirilən maarifləndirici tədbirdə rayonun doqquz kəndinin sakinləri iştirak ediblər.
 
Astarada Lənkəran Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Mehman Əliyev, AMEA Hüquq və İnsan Haqları İnstitutunun elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Xaqan Balayev yerli ziyalıların və gənclərin nümayəndələrinə dövlət siyasətinin başlıca istiqamətləri haqqında ətraflı məlumat verib, ölkə başçısının həyata keçirdiyi daxili və xarici siyasətin əsas məqamları, son illərdə ölkədə həyata keçirilən islahatlar nəticəsində əldə olunan sosial-iqtisadi tərəqqi, müşahidə olunan abadlıq və quruculuq işlərindən bəhs ediblər.
 
Paytaxtın Ramana qəsəbəsində məskunlaşmış Şuşa rayonu Malıbəyli kənd tam orta məktəbində Bakı Dövlət Universitetinin professoru Əfsər Sadıqovun “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu” mövzusunda mühazirəsi təşkil olunub. Mühazirəçi Ümummilli lider Heydər Əliyevin çoxcəhətli fəaliyyəti, dövlət idarəçiliyi sahəsindəki böyük məharəti və zəngin təcrübəsindən danışıb, banisi olduğu Azərbaycançılıq ideologiyasının əsas mahiyyəti barədə geniş məlumat verib.
 
Şəmkir Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyəti ilə birgə keçirilən tədbirdə iştirakçılara Bilik Fondunun dövlətçiliyin və Azərbaycançılıq ideologiyasının təbliği istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verilib, təşkil olunan silsilə mühazirələrin əhalinin ideoloji maarifləndirilməsi işində mühüm əhəmiyyət daşıdığını bildirilib.
 
Bakı Dövlət Universitetinin professoru Nuru Məmmədov və Azərbaycan Texniki Universitetinin kafedra müdiri Əyyub Kərimovun mühazirələri dinlənilib.
Daha bir mühazirə Qazax Heydər Əliyev Mərkəzində yerli İcra Hakimiyyəti ilə birgə təşkil olunub. AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, Akademiyanın müxbir üzvü Misir Mərdanov “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzusunda mühazirə ilə çıxış edib. Mühazirəçi bildirib ki, Ulu öndər Heydər Əliyev bugünkü qüdrətli Azərbaycan Respublikasının milli və dövlətçilik baxımından maraqlarına yüksək səviyyədə cavab verən siyasi strategiyanın əsas istiqamətlərini müəyyənləşdirib. Bu gün də düşünülmüş xarici və daxili siyasət kursu ölkəmiz üçün təkcə siyasi dəstək deyil, həm də iqtisadi əməkdaşlıq və investisiya imkanları yaradır.
 
Mühazirələrdə iştirak edən ictimaiyyət nümayəndələri müasir dövrün aktual məsələlərilə bağlı mütəxəssislərlə fikir mübadiləsi apararaq, onları maraqlandıran suallara dolğun və ətraflı cavablar alıblar.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun İnformasiya təminatı sektoru
Tarix: 13.06.2017

Son xəbərlər