Zəngilanın işğal günü anıldı


Oktyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşəbbüsü ilə Zəngilan rayon 36 saylı tam orta məktəbdə Zəngilanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 24-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Öncə Dağlıq Qarabağ və ətraf rayonlar uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bilik Fondunun yerli nümayəndəsi, məktəbin direktoru Ənvər Məmmədov tədbiri giriş sözü ilə açaraq, məktəblilərə Zəngilan və onun uğurunda aparılan döyüşlər barədə ətraflı məlumat verib. O, bildirib ki, döyüşlər zamanı 88 nəfər şəhid olub, 44 nəfər itkin düşüb.

Sabunçu rayon 12 saylı Mərkəzi Kitabxananın müdiri Vəsilə Məmmədova, 4 saylı kitabxananın müdiri Vüqar Məmmədov və məktəb kollektivinin iştirak etdiyi tədbirdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü Zəngilanın tarixini, mədəniyyət abidələrini, toponimlərini özündə əks etdirən faktları diqqətə çatdırıb.

Dosent T.Şükürlü rayonun tanınmış ictimai xadimləri haqqında məlumat verərək, onların cəmiyyətin inkişafındakı rolunu vurğulayıb.

Əslən Zəngilan rayonundan olan T.Şükürlü 1990-1993-cü illərdə iştirakçısı və şahidi olduğu ağır hadisələrdən danışıb, ata yurdunun işğala məruz qalması nəticəsində zəngilanlıların yaşadıqları faciələrdən bəhs edib.

Alim məktəbliləri əmin edib ki, torpaqlarımız Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunacaq.

Tədbirdə şagirdlərin ifasında Zəngilana aid şeirlər söylənilib, mahnılar səsləndirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti

 

Tarix: 27.10.2017

Son xəbərlər