Dövlət Dili siyasətinə dair tədbir keçirildi


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Laçın rayon sakinlərinin müvəqqəti məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyevanın ictimaiyyət nümayəndələri ilə görüşü keçirilib.    

Rayon Təhsil Şöbəsinin inzibati binasında keçirilən tədbiri giriş sözü ilə açan Laçın Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavinı Cabir Əvəzzadə  müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsində Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb.

Heydər Əliyevin Azərbaycan dilinə məhz millətin taleyi kimi yanaşdığını deyən natiq onu da vurğulayıb ki, Ulu Öndər dili sevməklə bərabər, onun keşiyində mərdliklə dayanıb, nüfuzunu qaldırıb, tərəqqisi üçün illərlə mübarizə apararaq, müsbət nəticəyə nail olub.

Tədbirdə AMEA-nın Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyevanın “Sənədləşdirmə - kargüzarlıq işlərinin aparılmasında Azərbaycan dilinin qaydalarına əməl edilməsi zərurəti”  mövzusunda məruzəsi dinlənilib.   

Dövlət başçısı İlham Əliyevin 9 aprel 2013-cü il tarixində "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncamını xatırladan alim dilin inkişafını və ədəbi dil normalarının qorunmasını təmin edən qanunvericilik bazasının təkmilləşdirilməsi, dil və nitq mədəniyyətinin yüksəldilməsi, lüğət tərkibinin və qrammatik normaların sistemləşdirilməsinin Dövlət Proqramının əsas vəzifələrindən olduğunu diqqətə çatdırıb.

Sevinc Əliyeva Azərbaycan dilçiliyinin prioritet istiqamətlərinin düzgün müəyyənləşdirilməsi sayəsində mətbuat orqanlarında, televiziya və radio kanallarında, internet resurslarında və sosial şəbəkələrdə ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün mexanizmlərin işə düşəcəyinə əminliyini ifadə edib. 

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti

 

 

 

 

Tarix: 27.10.2017

Son xəbərlər