Masallıda Beynəlxalq Tolerantlıq Günü ilə bağlı tədbir keçirildi


Noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Masallı rayon Heydər Əliyev Mərkəzində Beynəlxalq Tolerantlıq Günü münasibətilə “Dini radikalizmə qarşı mübarizədə islam həmrəyliyi ideyasının rolu” mövzusunda tədbir keçirilib.
 
Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Bəşirov tədbiri giriş sözü ilə açaraq, ölkədə aparılan uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın dünyada tolerantlıq nümunəsi olduğunu bildirib.
 
Tədbirdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini Ekspertiza şöbəsinin müdiri Nahid Məmmədov “Dini radikalizmə qarşı mübarizədə islam həmrəyliyi ideyasının rolu” mövzusunda mühazirə söyləyib.
Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını xatırladan N.Məmmədov dini radikalizmin qarşısının alınmasında islam həmrəyliyinin ən yaxşı vasitə olduğunu deyib. Dövlət Komitəsinin nümayəndəsi İslamın humanist dəyərlərindən danışaraq, müasir dünyada din adı altında törədilən vandalizmin islami dəyərlərlə ziddiyyət təşkil etdiyini qeyd edib, Azərbaycanda heç bir dini etiqada ayrıseçkiliyin olmadığını vurğulayıb.
 
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov mövzu ətrafında çıxış edərək respublikamızda bu sahədə görülən işlərdən söhbət açıb.
 
Görüşdə iştirakçıların sualları ətraflı cavablandırılıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat Xidməti
Tarix: 14.11.2017

Son xəbərlər