Qubada “Beynəlxalq Tolerantlıq Günü”nə həsr olunmuş tədbir keçirilib


Noyabrın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Quba Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Quba Rayon Heydər Əliyev Mərkəzində 16 Noyabr - Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş “Azərbaycanda birgəyaşayış modelı: interkulturalizm” adlı tədbir keçirilib.
 
Seminarda DQİDK-nın Xarici Əlaqələr şöbəsinin müdir müavini Rəfi Qurbanov, Komitənin Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Quba rayon nümayəndəsi Sara Ağayeva və rayon ictimaiyyəti iştirak ediblər.
 
Tədbiri giriş sözü ilə açan Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov bildirib ki, Azərbaycan tarix boyu tolerantlığın və multikulturalizmin əsas məkanlarından biri olub. Natiq vurğulayıb ki, bu gün də bu dəyərlər dövlətimiz tərəfindən qorunur.
 
Daha sonra DQİDK-nın Xarici Əlaqələr şöbəsinin müdir müavini Rəfi Qurbanov çıxış edərək interkulturalizm termini haqqında geniş məlumat verməklə yanaşı, dünya ölkələri ilə Azərbaycanı elektron təqdimat vasitəsilə interaktiv olaraq müqayisə edib. Rəfi Qurbanov qeyd edib ki, dünyanın ən demokratik hesab edilən dövlətlərində tolerantlıq müstəvisindən baxdıqda müəyyən problemlər mövcuddur. Natiq həmçinin, dünyada movcud dini durumu statistik rəqəmlərlə də iştirakçiların diqqətinə çatdırıb.
 
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev çıxış edərək bildirib ki, ölkə rəhbərinin Sərəncamı ilə 2016-cı ilin “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan olunması heç də təsadüfi deyil.
 
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Quba rayon nümayəndəsi Sara Ağayeva isə çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ölkədə yaratdığı sabitliyə və sarsılmaz birliyə görə minnətdar olduğunu bildirib.
Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında 
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 16.11.2017

Son xəbərlər