“İslamafobiya ilə mübarizədə İslam həmrəyliyinin əhəmiyyəti” - Kürdəmirdə tədbir oldu


Noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Kürdəmir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Kürdəmir şəhər Heydər Əliyev Mərkəzində 16 noyabr “Beynəlxalq Tolerantlıq Günü” münasibətilə “İslamafobiya ilə mübarizədə İslam həmrəyliyinin əhəmiyyəti” mövzusunda tədbir keçirilib.

Tədbirdə Kürdəmir RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Azad Nəhmədov, Komitənin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Bilik Fondunun Kürdəmir rayonu üzrə nümayəndəsi Vüqar Nəsirov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Kürdəmir RİH-nin şöbə müdirinin müavini E.Qafarov dünyanın əksər ölkələrində dini ayrı-seçkiliyin gücləndiyi dövrdə belə neqativ halların Azərbaycana sirayət etməməsini ölkəmizdə dini müxtəlifliyin vəhdəti, cəmiyyətdə tolerantlığın hakim mövqe tutması ilə əlaqələndirib. Natiq belə şəraitin yaranmasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı siyasətin nəticəsi olduğunu deyib.

Sonra “İslamafobiya ilə mübarizədə İslam həmrəyliyinin əhəmiyyəti” mövzusunda çıxış edən Dövlət Komitəsinin nümayəndəsi A.Nəhmədov Azərbaycanda tolerantlıq, vəhdət, İslam həmrəyliyi, radikalizmə qarşı mübarizə və artan islamofobiya meyilləri haqqında danışıb.

Məruzəçi ölkəmizdə dini-mənəvi irsə ehtiramın, müxtəlif mədəniyyətlərin dialoqunu, multikulturalizm və tolerantlıq ənənələrinin çox yüksək səviyyədə olduğunu diqqətə çatdırıb .

DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Ə.Rəfiyev, Bilik Fondunun Kürdəmir rayonu üzrə nümayəndəsi V.Nəsirov və Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Fizuli Cəfərov da mövzu ətrafında çıxışlar edərək respublikamızda bu sahədə görülən işlərdən söhbət açıblar.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

Tarix: 17.11.2017

Son xəbərlər