Mingəçevirli gənclərə “QİÇS-dən qorunma yolları” izah olundu


Dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Tibbi maarifləndirmə" proqramı çərçivəsində Ümumdünya QİÇS-lə Mübarizə Günü" münasibətilə “QİÇS-dən qorunma yolları” mövzusunda tədbir təşkil olunub.
 
Tibb müəssisələri əməkdaşları və gənclərin iştirakı ilə Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM ) həkim-mütəxəssisi Lətafət Dadaşova sözügedən xəstəliyə yoluxma səbəbləri və müalicə üsulları haqqında maarifləndirici məlumatlar verib.
 
QİÇS-in ölkəmizdə mövcud vəziyyəti, gənclər arasında bu xəstəliyin yayılma təhlükəsi, virusdan qorunmanın əsas həlli yollarını diqqətə çatdıran L.Dadaşova bildirib ki, bu xəstəliyə yoluxmuş insanlar immun-müdafiə sisteminin kəskin zəifləməsi nəticəsində bir çox xəstəliklərə asanlıqla tutulur, nəticədə ölüm riski artmış olur.
 
L.Dadaşovanın sözlərinə görə, QİÇS-lə mübarizə istiqamətində beynəlxalq təcrübədən istifadə edən Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və burada epidemiya əsasən yüksək riskli qrupa aid olan inyeksion narkotik vasitələrin istifadəçiləri arasında yayılıb.
 
“İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” və “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AIDS) yayılmasının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununu xatırladan həkim-mütəxəssis problemə qarşı görülən tədbirlərdən, bu infeksiyanın diaqnostika və müalicəsinə dair əhali arasında aparılan təbliğat işlərindən söhbət açıb.
 
Tədbirdə həkim-mütəxəssislə iştirakçılar arasında ətraflı fikir mübadiləsi aparılıb, dinləyicilərə QİCS-in profillaktikası isitiqamətində hazırlanan buklet və broşurlar paylanıb.
Bilik Fondu və İSİM arasında imzalanmış Əməkdaşlıq Sazişinə əsasən, müxtəlif elm, təhsil ocaqlarında, idarə, müəssisə və təşkilatlarda silsilə maarifləndirici tədbirlər keçirilir.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 01.12.2017

Son xəbərlər