Bilik Fondu Masallı, Astara və Lənkəranda 20 Yanvara həsr olunan mühazirələr təşkil edib


Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sərəncamı ilə təsdiq edilmiş “20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı silsilə tədbirlər həyata keçirir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu tədbirlərin davamı kimi Bilik Fondu yanvarın 18-19-da Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində, Astara Pedaqoji Kollecində və Lənkəran Dövlət Universitetində “20 Yanvar hadisələri Azərbaycan mətbuatında” mövzusunda mühazirələr təşkil edib.

Astara Pedaqoji Kollecində keçirilən tədbirdə kollecin direktoru Ağababa İbrahimov, “Astara” qəzetinin baş redaktoru Fəridə Ağazadə, Astara şəhərindəki Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, AZƏRTAC-ın cənub bölgəsi üzrə müxbiri Bağır Əliyev çıxış ediblər.

Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu mövzuya dair slaydı tədbir iştirakçılarına təqdim edib.

Bakıda nəşr olunan “Səhər”, “Bakı”, “Kommunist”, “Azərbaycan gəncləri”, “Bakinski raboçi” qəzetlərinin 1990-cı il 15-25 yanvar tarixli nömrələrində 20 Yanvar hadisələrinin əks olunduğu yazıların mahiyyətindən danışan C.Musaoğlu dinc əhali üzərinə basqın edərək dəhşətli qətliam törədən sovet ordusunun vəhşilikləri barədə dünyanı məlumatlandıran Azərbaycan KİV-lərinin qəhrəmanlıq nümunəsi nümayiş etdirdiyini bildirib.

Qeyd olunub ki, 20 Yanvar hadisələrinə ilk siyasi qiymət Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən verilib. Yanvarın 21-də Ulu Öndər ailə üzvləri ilə birlikdə Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək SSRİ-nin rəhbəri Mixail Qarbaçovun siyasətini sərt tənqid edib. O, verdiyi bəyanatda respublikadakı əsl vəziyyəti qiymətləndirə bilməyən sovet rəhbərliyinin Azərbaycan xalqının psixologiyasını anlamadığını, əhalinin müxtəlif təbəqələri ilə zəif əlaqələr qurduğunu, verilən qərarların ağır faciəyə çevriləcəyini əvvəlcədən düşünmədiklərini vurğulayıb.

Diqqətə çatdırılıb ki, Ulu Öndərin bəyanatı Azərbaycan mətbuatının səyi nəticəsində informasiya blokadasını aşaraq 20 Yanvar faciəsi barədə həqiqətləri bütün dünyaya çatdırıb.

Sonda suallar cavablandırılıb.

Tarix: 20.01.2018

Son xəbərlər