Ağsuda “Ana dilimizin inkişaf yolu və Heydər Əliyevin dil siyasəti” mövzusunda dəyirmi masa keçirildi


Ağsu Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində 21 fevral – Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Ana dilimizin inkişaf yolu və Heydər Əliyevin dil siyasəti” mövzusunda dəyirmi masa keçirilib.
 
Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər çiçək dəstələri qoyublar.
Dəyirmi masanı giriş sözü ilə Ağsu rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Mirzəliyeva açaraq, hər bir xalqın mənəvi dəyərlərində Ana dilinin xüsusi yeri haqqında məlumat verib, doğma dilin qorunmasının, nəsildən-nəslə ötürülməsinin əhəmiyyətindən danışıb.
 
AMEA Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyeva “Ana dilimizin inkişaf yolu və Heydər Əliyevin dil siyasəti” mövzusunda məruzə ilə çıxış edərək 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi, Azərbaycan dilinin dövlət dili kimi işlənməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi yollarından bəhs edib. Natiq xalqımıza və onun dilinə tükənməz məhəbbətini, qayğısını əsirgəməyən Ümummilli lider Heydər Əliyevin və hazırda bu ənənələri uğurla davam etdirən Prezident İlham Əliyevin bu sahədə verdiyi sərəncam və fərmanlar haqqında məlumat verib. Sevinc Əliyeva dövlət başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı və bu istiqamətdə görülən işlərin dilimizin inkişafına böyük qayğının təzahürü olduğunu vurğulayıb.
 
Məruzə ətrafında Ağsu rayon Muradlı kənd tam orta məktəbinin direktoru Aqil Həsənov, Ağsu şəhər 4 nömrəli tam orta məktəbin direktoru Günay İnayətova, şəhər 1 nömrəli tam orta məktəb-liseyin müəllimi Ziyafət Qurbanova çıxış edərək Ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətindən, dilimizin mənəvi dirilik atributuna çevrilməsi, hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapmasından danışıblar.
 
Sonda Ağsu rayon ümumtəhsil məktəbləri arasında keçirilən “Ana dilim” şeir müsabiqəsinin qalibləri olmuş 6 şagirdə Bilik Fondunun diplom və hədiyyələri təqdim edilib.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 20.02.2018

Son xəbərlər