Bilik Fondu Ağstafa və Qazaxda “İlk dəfə səs verirəm” mövzusunda tədbirlər təşkil etdi


Aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və yerli icra hakimiyyəti orqanlarının təşkilatçılığı, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının dəstəyi ilə silsilə maarifləndirici tədbirlər davam edir.
 
“İlk dəfə səs verirəm” mövzusunda növbəti tədbirlər gənc seçicilərin iştirakı ilə Ağstafa və Qazax rayonlarında keçirilib.
 
Ağstafa Heydər Əliyev Mərkəzində təşkil olunmuş tədbirdə Bilik Fondunun Koordinasiya Şurası Hüquqi maarifləndirmə bölməsinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun aparıcı elmi işçisi, professor Nazim Əliyev təlimçi qismində çıxış edib. Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri, Ağstafa Regional Bilik Evinin rəhbəri Leyla İsayeva tədbiri giriş sözü ilə açaraq, qonaqları təqdim edib və rayonda seçkilərlə bağlı görülən təşkilatı işlərdən danışıb.
 
Bilik Fondunun mətbuat katibi Ceyhun Musayev gəncləri dövlətə, vətənə, cəmiyyətə münasibətdə laqeyid olmamağa çağırıb və seçkidə iştirak edərək, seçmək hüququndan istifadəni vətəndaş mədəniyyətinin yüksək həddi kimi dəyərləndirib.
 
Professor Nazim Əliyev ilk dəfə səs verəcək gənclərə seçki prosedurları haqqında ətraflı məlumat verib, seçkilərin xalqın həyatında oynadığı roldan bəhs edərək, hər kəsin səsvermə prosesinə qoşulmasının vətəndaşlıq borcu olduğunu bildirib. Hüquqşünas Seçki Məcələsinin tələblərinə uyğun olaraq, səsvermə prosedurunu əyani formada ilk dəfə səs verəcək gənclərin diqqətinə çatdırıb.
 
Tədbirdə iştirak edənlər – Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Əziz Məsmalıyev, Rayon Ağsaqqallar Şurasının sədri Firdovsi Heydərli, Qarabağ Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Rayon Şöbəsinin sədri Yaqub İsmayılov, Gənclər və İdman İdarəsinin rəis müavini Kamilə Zamanova, Təhsil Şöbəsinin metodisti Əli Əliyev Bilik Fondunun bu istiqamətdə həyata keçirdiyi maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayaraq, demokratik, azad, ədalətli, şəffaf və beynəlxalq standartlara uyğun seçkilərin keçirilməsini dövlətçiliyin zəruri elementi kimi dəyərləndiriblər.
 
Qazax Rayon Heydər Əliyev Mərkəzində də eyni məzmunda təlim keçirilib.
 
Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova tədbiri açaraq, gəncləri seçki prosesində fəal olmağa, vətəndaşlıq borcunu yerinə yetirməyə çağırıb. Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev Bilik Fondunun fəaliyyətini yaxından izlədiklərini və maarifləndirici layihələrə qazaxlı gənclərin də həvəslə qatıldığını vurğulayıb.
 
Professor N.Əliyevin ilk dəfə səs verəcək gənclər üçün maarifləndirici mühazirəsi Qazaxda da maraqla qarşılanıb.
İştirakçılar qonaqlara suallar ünvanlayıb və ətraflı cavablar alıblar.
 
Həmin gün Bilik Fondunun təşkilatçılığı ilə “Hüquqi maarifləndirmə” proqramı çərçivəsində Şəmkir ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib. Professor N.Əliyev yerli əhalini maraqlandıran hüquqi məsələlərin həlli ilə bağlı sualları ətraflı cavablandırıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat Xidməti
Tarix: 16.03.2018

Son xəbərlər