Bilik Fondu udilərlə birlikdə


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu martın 18-də Qəbələ rayonun Nic qəsəbəsindəki Alban-udi xristian icmasının icma mərkəzində qəsəbə icra nümayəndəliyinin, bələdiyyə və icma üzvlərinin iştirakı ilə Novruz bayramına həsr olunmuş “dəyirmi masa” keçirib.
 
 
Tədbirdə Bilik Fondunun qəsəbədə təşkil etdiyi "Azərbaycan dilini öyrənirik" kursunun müəllimi, araşdırmaçı filoloq Şahid İslamovun "Udi və azərbaycanlıların milli adət-ənənələrində paralellər və Novruzun qarşılanması ənənələri" mövzusunda mühazirəsi dinlənilib.
 
Sonra qəsəbədə yaşayan azərbaycanlı, udi və ləzgilərin təmsilçiləri çıxış ediblər, ölkəmizdə milli azlıqların adət-ənənələrinin qorunub saxlandığını, dövlətimizin qayğısı sayəsində daha da zənginləşdiyini faktlarla diqqətə çatdırıblar. Qəsəbədəki müqəddəs Yelisey kilsəsinin keşişi bildirb ki, Rafiq Danakari Novruz mərasimlərinin sovet dövründə qadağan edilsə də, hər ailədə gizlicə keçirilirdi.
 
Nic qəsəbə Mədəniyyət Mərkəzinin direktoru Vitali Köçəri kilsənin fəaliyyət göstərdiyi 16 il ərzində bu məkana ilk dəfə səmənilər gətirildiyini qeyd edərək, multikultural tədbirin təşkilatçılığına vğ məzmunlu məruzəsinə görə Ş.İslamova qəsəbə sakinləri adından təşəkkürünü bildirib.
 
Tədbirdə Bilik Fondunun "Azərbaycan dilini öyrənirik" kursunun müdavimi Sevan Makarov udi şairi Aşot Udinoğlunun "Mənim baharım" şeirini Azərbaycan dilində söyləyib və bu ifa dinləyicilərin böyük marağına səbəb olub. Bununla yanaşı, Éhməd Məmmədli özünün "Novruz gəlir" şeirini söyləyib.
 
Milliyətcə ləzgi olan Evəz Məmmədov isə ədbirdə 12 Novruz adəti və ilaxır çərşənbələrin mahiyyəti haqqında danışıb.
Qəsəbə sakini Valod Gülmalov Bilik Fondunun təşkilatçılığı ilə Qəbələdə müxtəlif məzmunlu maarifçilik tədbirləri keçirildiyini xatırladaraq, qurumun pasxa bayramı ərəfəsində daha bir məzmunlu görüşün gerçəkləşməsinə dəstək verməsini xahiş edib.
 
Sonda iştirakçılar kilsəyə daxil olaraq, Azərbaycanın işıqlı gələcəyi naminə xoş niyyət və diləklərlə bayram şamları yandırıb, Novruz şirniyyatı süfrəsi ətrafında söhbət ediblər.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti

 

 
Tarix: 19.03.2018

Son xəbərlər