Bilik Fondu Cocuq Mərcanlıda və hərbi hissədə Novruz şənlikləri təşkil edib


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində və ön xətdəki N saylı hərbi hissədə Novruz şənlikləri keçirib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fondun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla və fondun mühazirəçisi, “Akademikkitab” MMC-nin direktoru Əliağa Cəfərov kənd sakinlərini və torpaqlarımızın müdafiəsində dayanan əsgər və zabitləri, onların ailə üzvlərini əziz bayram münasibətilə təbrik edib, bütün köçkünlərin yurd-yuvalarına dönməsini, növbəti Novruz tonqallarının işğaldan azad edilmiş torpaqlarımızda qalanmasını arzulayıblar.

Çıxışlarda ümummilli lider Heydər Əliyevin xalqımızın milli mənəvi dəyərlərinə, o cümlədən Novruz adət-ənənələrinə sevgi ilə yanaşdığı bildirilib, işğal altındakı bütün torpaqlarımızın azad olunacağına, Cocuq Mərcanlıdan başlayan Böyük Qayıdışın Şuşada başa çatacağına əminlik ifadə edilib.

2016-cı il aprel döyüşlərinin iştirakçıları Üzeyir Nəcəfov, Vüsal Muradov, şəhid Səbuhi Musayevin həyat yoldaşı Reyhan Musayeva, Cocuq Mərcanlı kənd məscidi dini icmasının üzvləri və müəllimlər çıxış edib, xoş arzularını çatdırıblar.

Cocuq Mərcanlı kənd orta məktəbinin direktoru Zamin Həziyev Bilik Fondunun məktəbə min nüsxə kitab hədiyyə edərək zəngin kitabxana yaratdığını, bu bilik, maarifçilik evindən təkcə müəllim və şagirdlərin deyil, bütün kənd sakinlərinin yararlandığını minnətdarlıqla vurğulayıb.

Bilik Fondunun təmsilçiləri məktəb kitabxanasına Azərbaycan Xalq Cümhuriyyətinə, böyüməkdə olan nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə həsr olunmuş kitablar hədiyyə ediblər.

Hərbi hissədə Bilik Fondunun iki il əvvəl yaratdığı “Bilik evi”ndə yaxın vaxtlarda əsgərlərimiz üçün kompüter və dil kurslarının açılacağı, aprel döyüşlərinin ildönümünə həsr olunmuş birgə tədbirin keçiriləcəyi bildirilib.

Qonaqlar Cocuq Mərcanlıda tikilən Şuşa məscidinin bənzəri olan məscidə də gəlib, respublikamızın ərazi bütövlüyü uğrunda həlak olanların ruhuna dua oxuyub, sonra kənd sakinləri ilə birlikdə Novruz tonqalı ətrafında keçirilən şənlikdə iştirak ediblər.

Tarix: 22.03.2018

Son xəbərlər