Bilik Fondu gənclərin Quba Soyqırımı Memorial Kompleksinə ziyarətini təşkil etdi


2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması və ölkə başçısının “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” imzaladığı Sərəncama uyğun olaraq, martın 28-də gənclərin Quba Soyqırımı Memorial Kompleksinə ziyarəti təşkil olunub.
 
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Binəqədi Rayon İcra Hakimiyyəti və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşən səfərə Fondun “Tariximizi öyrənək və öyrədək”, "Diplomatlar" klublarının üzvləri, təcrübəçı tələbələr, Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN könüllülərinin təmsilçiləri və yerli gənclər cəlb olunublar.
 
Bilik Fondunun "İl boyu bilik" proqramı çərçivəsində, "Heç kim unudulmur, heç nə yaddan çıxmır" devizi altında baş tutan səfərdə Memorial Kompleksin bələdçisi ziyarətçilərə məlumat verərək bildirib ki, 1918-ci ildə ermənilərin törətdiyi soyqırım faktı tarixdən bəlli olsa da, məzarlıq 2007-ci ildə şəhər stadionunun təmiri üçün qazma işləri aparılarkən aşkar edilib. Qubada tapılan kütləvi məzarlığın ermənilərin 100 il əvvəl törətdiyi soyqırımı qurbanlarına aid olduğu təsdiqlənib.
 
Gənclərə 30 dekabr 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin “Soyqırım Memorial Kompleksi”nin yaradılması haqqında imzaladığı Sərəncam barəsində məlumat verilib və vurğulanıb ki, sənəd erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi daşıyır.
 
Ziyarətdən sonra Kompleksin Muzeyində “Azərbaycanlıların soyqırımı: tarix və bu gün” mövzusunda "dəyirmi masa" keçirilib.
Tədbirdə Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdullanın “1918-ci il soyqırımı – tariximizin ibrət dərsləri”, AMEA Tarix İnstitutunun dissertantı Rəxşəndə Bayramovanın “Azərbaycan Xalq Cümhuriyyəti dövründə ermənilərin Quba qəzasında törətdikləri soyqırım” mövzusunda mühazirələri dinlənilib.
 
Binəqədi Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, Quba Rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev çıxış edərək, beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorizminin tarixi dəhşətlərindən söz açıblar. Qeyd olunub ki, "Armenakan", sonradan "Hnçak" və "Daşnaksütyun" partiyaları məkrli planlarını həyata keçirmək üçün siyasi terror aksiyalarından geniş istifadə ediblər.
 
Tədbirdə gənclərə Azərbaycanın yaşadığı soyqırımları unutmamaq, vətənin haqq səsinin dünyada eşidilməsi uğrunda mübarizə aparmaq tövsiyə olunub.
Ziyarətçilər səfər çərçivəsində yəhudilərin kompakt yaşadıqları Qırmızı qəsəbəyə ekskursiya ediblər.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 28.03.2018

Son xəbərlər