Bilik Fondu “Məmməd Araz poeziya müsabiqəsi”nin qaliblərini mükafatlandırdı


Azərbaycan Respublikasın;n Prezidenti yanında Bilik Fondunun və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı və Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə xalq Şairi Məmməd Arazın xatirəsinə həsr edilən poeziya günləri Qazax rayonundan başlanıb.
 
AZƏRTAC xəbər verir ki, tədbirdə rayon icra hakimiyyəti aparatının məsul əməkdaşları, AYB-nin Qazax zona filialının üzvləri, mədəniyyət, səhiyyə işçiləri, ali təhsil ocaqlarının müəllim, tələbə, şagird kollektivi, KİV nümayəndələri iştirak ediblər.
 
İştirakçılar Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.
 
 
Gənclər Mərkəzində davam edən tədbir Məmməd Arazın səs yazıs ilə - öz ifasında səsləndirdyi şeirlə başlayıb.
 
Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq, xalq şairi Məmməd Arazın Azərbaycan ədəbiyyatında çoxcəhətli və zəngin ədəbi irsinə, sənətkarlıq qüdrətinə görə özünəməxsus yeri və mövqeyi olan görkəmli söz ustadı olmasından danışıb. Qeyd edib ki, dərin məzmunlu, oxunaqlı və milli mündəricəli şeirlərilə Məmməd Araz vətəndaş qeyrətli ədəbiyyat nəhəngidir. Görkəmli söz ustadının sənət dünyasında Vətən müqəddəsliyi, xalq məhəbbəti, el həqiqətləri yaradıcılığının nüvəsində dayanır.
 
Tədbirin aparıcısı AYB-in Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal Məmməd Araz yaradıcılığının və şeirlərinin Azərbaycan ədəbiyyatındakı rolundan söz açıb.
 
“Məmməd Araz poeziya günü”nün ideya müəllifi, şair Qardaşxan Əzizxanlı çıxış edərək bildirib ki, bu görkəmli şair həm də milli azadlıq ideyalı əsərləri ilə istiqlal şairi olaraq əbədi şöhrət qazanıb. O, qeyd edib ki üçüncü dəfə təşkil olunan poeziya günləri, həm də böyük şairin anadan olmasının 85 illik yubileyi ilə əlamətdardır və keçirilən tədbirlərə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Yazıçılar Birliyi dəstək verir. Layihə rəhbəri bildirib ki, Qazaxdan başlayan poeziya günləri ölkəmizin müxtəlif şəhərlərində davam edəcəkdir.
 
AYB-in Qazax zona filialının aparıcı məsləhətçisi, şair Mustafa Rasimoğlu çıxışında şair və yazıçılara, söz adamlarına göstərdiyi diqqət və qayğıya, poeziya gününün belə yüksək səviyyədə keçirilməsinə görə rayon icra hakimiyyətinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.
 
Tədbirdə Əməkdar artistlərdən Nuriyyə Hüseynova və İlkin Əhmədov, aşıqlardan Camoy Qurbanov və Yaşar Gülümcanov şairin şeirlərinə həsr olunmuş mahnılar oxuyublar.
 
Sonra söz poeziya günlərinin tərkibinə daxil olan “Məmməd Araz poeziya müsabiqəsi”nin iştirakçılarına verilib. Müsabiqənin qalibi və iştirakçısı olmuş məktəblilər xalq şairinin şeirlərini oxuyub, öz bacarıqlarını nümayiş etdiriblər. Şairin “Azərbaycan-dünyam mənim” və “Qalx ayağa, Azərbaycan” şeirlərini tədbir iştirakçıları ayaqüstü alqışlarla qarşılayıblar.
 
Sonda müsabiqə qaliblərinə Bilik Fondunun təsis etdiyi diplomlar və hədiyyələr təqdim olunub.
Tarix: 21.04.2018

Son xəbərlər