"Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda növbəti mühazirə - Ağsuda


Mayın 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Ağsu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda tədbir keçirilib.

İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev Ağsu Heydər Əliyev Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açaraq bildirib ki, Azərbaycanda mətbuat XIX əsrdə yaransa da, onun tam şəkildə müstəqil dövlətçilik maraqlarına xidmət etmək funksiyası yalnız XX əsrin sonlarında reallığa çevrilib. Onun sözlərinə görə, hələ sovetlər birliyi illərində Ümummilli lider Heydər Əliyev cəmiyyətimizin güzgüsü olan, ictimai-siyasi düşüncə tərzini formalaşdıran, Azərbaycan xalqının milli kimliyini dünya xalqlarına nümayiş etdirə bilən medianın əsaslarını yaradıb. Ulu öndərin Azərbaycan mətbuatının inkişafında rolu özünü müstəqillik illərində, xüsusilə göstərib: "Müstəqilliyimizin ilk illərində təsadüf nəticəsində hakimiyyətə gəlmiş iqtidarın hərbi və siyasi senzurasında boğulan Azərbaycan mətbuatı yalnız ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra xilas oldu, inkişaf etdi. Ümummilli lider Heydər Əliyevin ölçüyəgəlməz səyləri nəticəsində Azərbaycanda mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, KİV-in maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər həyata keçirildi”. İcra başçısı bildirib ki, Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" 6 avqust 1998-ci il tarixli Fərmanı KİV-in sərbəst inkişafı, cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım olub: "Bu Fərmanla Nazirlər Kabineti yanında mətbuatda və digər kütləvi informasiya vasitələrində Dövlət Sirlərinin Mühafizəsi Baş İdarəsi ləğv edildi, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşmüş hesab edildi. Həmçinin, 1998-ci ildə senzuranın ləğvi müstəqil mətbuatımızın ictimai fikrə təsir edən və "dördüncü hakimiyyət" funksiyasını həyata keçirən real gücə çevrildi. Məhz bundan sonra mətbuatımızın azad cəmiyyətin və demokratik ölkənin formalaşdırılmasında rolu ortaya çıxdı, hərtərəfli şəkildə dövlət qayğısı ilə əhatələnən mediamız həmin dövrdə tranzitar dövlət kimi müstəqil Azərbaycanın atributuna çevrildi. Mətbuata dövlət nəzarəti olan senzuranın aradan qaldırılmasından sonra beynəlxalq standartlara cavab verən "Kütləvi informasiya vasitələri haqqında", "Məlumat azadlığı haqqında" qanunlar qəbul edildi, KİV-in təsis edilməsi və fəaliyyəti üçün qanunvericiliyin təkmilləşdirilməsi, optimal hüquqi mühitin formalaşdırılması istiqamətində mühüm addımlar atıldı”. Tədbirdə Bilik Fondunun Lektorlar qrupunun üzvü, "Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev Heydər Əliyevin Azərbaycan mətbuatının inkişafı istiqamətində atdığı addımlardan, qəbul etdiyi qərarlardan bəhs edib. O, xüsusilə də, Ümummilli lider tərəfindən Azərbaycanda senzuranın ləğvini, qəzetlərin "Azərbaycan” nəşriyyatına olan borclarının silinməsini, KİV haqqında qanunvericilik bazasının yaxşılaşdırılmasını qeyd edib. Baş redaktor medianın mövcud durumundan, mətbuatın üzərinə düşən vəzifələrdən danışıb. Tədbirdə "Ağsu” qəzetinin baş redaktoru Yalçın Pənahov, Ağsu rayon "Mətbuatyayım” şöbəsinin müdiri Məlahət İbrahimova, Ağsu şəhər 1 saylı - məktəb liseyin direktoru Sənan Nemətov da çıxış edərək fikirlərini bölüşüblər.

Tarix: 03.05.2018

Son xəbərlər