Bilik Fondu Şabranda “Cümhuriyyət tariximiz – qürurumuzdur” adlı bayram şənliyi təşkil edib


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Şabran Rayon İcra Hakimiyyəti ilə birlikdə Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş  “Cümhuriyyət tariximiz – qürurumuzdur” musiqili-ədəbi bayram şənliyi təşkil edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şabran şəhər Tofiq Abbasov adına 1 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Bilik Fondunun sektor müdiri Hacı Abdulla, AMEA-nın Elm Tarixi İnstitutunun aparıcı elmi işçisi Elcan Oruclu, rayon icra hakimiyyəti başçısının müavini Fikrət Nuşiyev, Bilik Fondunun rayon üzrə nümayəndəsi Fikrət Şamxalov çıxış ediblər. Çıxışlarda cəmi 23 ay ömür sürmüş Cümhuriyyətimizin şərəfli tarixindən söz açılıb, ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin Cümhuriyyət qurucularına böyük ehtiramından bəhs olunub. Dövlət başçımızın sərəncamlarından irəli gələn məsələlərlə bağlı maarifləndirmə işlərinin aparılması məqsədilə Bilik Fondunun təşkilatçılığı ilə keçirilən silsilə tədbirlərin əhalinin maariflənməsində əhəmiyyəti vurğulanıb.

Tədbirdə qabaqcıl təhsil işçisi, tarix müəllimi Rəna Məmmədova 1918-1920-ci illərdə respublikamızın şimal bölgəsində baş vermiş siyasi-hərbi hadisələr, yerli əhalinin bolşevik, daşnak işğalına qarşı mübarizəsindən danışıb. Azərbaycan milli istiqlal hərəkatının bölgədəki nüfuzlu xadimi, Cümhuriyyət parlamentinin üzvü şabranlı Həmdulla Əfəndizadənin nəvəsi Ruziyə Kərimova Cümhuriyyət qurucularının xatirəsinə göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. H.Əfəndizadə 1920-ci il Quba üsyanının başçısı olub. O, 1929-cu ildə həbs edilərək Nargin adasında güllələnib, ailəsi repressiyalara məruz qalıb. Rayonda ilin sonunadək onun xatirəsinə abidə ucaldılması, park salınması da nəzərdə tutulur.

Məktəblilərin ifasında təqdim edilən bədii kompozisiyada Cümhuriyyət qurucularından bəhs olunub.

Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup müəllimə fəxri fərmanlar verilib.

Bilik Fondunun sektor müdiri Hacı Abdulla AZƏRTAC-a bildirib ki, Fondun  “Cümhuriyyət tariximiz – qürurumuzdur” layihəsi çərçivəsində keçirilən ümumrespublika bilik müsabiqəsində şimal bölgəsinin Xaçmaz, Quba, Qusar, Xızı rayonları ilə birlikdə Şabran məktəbliləri də fəal iştirak ediblər. Şagirdlər Cümhuriyyət tarixinə aid test suallarını cavablandırarkən xalqımızın bu şərəfli dövrünə dair geniş biliklərə malik olduqlarını göstəriblər. Respublika müsabiqəsinə yaxın günlərdə yekun vurulacaq, qaliblər isə mükafatlandırılacaqlar.

Tarix: 26.05.2018

Son xəbərlər