Cəlilabadlı Şakir Paşayev ömrünün qırx ilini müəllimliyə həsr edib


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Cəlilabad şəhəri 1 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi, Fondun lektoru Şakir Paşayevin 60 illik yubileyi və pedaqoji fəaliyyətinin 40 illiyi münasibətilə Cəlilabad şəhərindəki “Ziyalılar evi”ndə tədbir təşkil edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə böyük ədib, “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi, bənzərsiz vətənpərvər və ziyalı, görkəmli maarifçi Cəlil Məmmədquluzadənin parkda ucaldılmış abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Filologiya üzrə fəlsəfə doktorları Mehman Əliyev, Adil Həsənov, Əməkdar Müəllim Hüseyn Şahbəndəyev, Əməkdar Jurnalist Avdı Həsənov, rayon təhsil şöbəsinin müdiri Hafiz Cavadov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (TİAHİ) Cəlilabad rayon komitəsinin sədri Nəbi İsgəndərov, təhsil şöbəsinin aparıcı məsləhətçisi Orxan Əzimov və başqaları Şakir Paşayevin filoloq, pedaqoq kimi rayonda və respublikamızda böyük nüfuz qazandığını bildiriblər.

Çıxış edənlər Ş.Paşayevin yetirmələrinin hər il respublika bilik yarışlarında qaliblər sırasında olduqlarını deyərək onun qabaqcıl metodist kimi xüsusilə sosial şəbəkələrdəki fəallığından respublikamızın bütün guşələrində müəllimlərin yararlandığını vurğulayıblar.

Tanınmış müəllimin cənub bölgəsində Bilik Fondunun həyata keçirdiyi tədbirlərdə fəal iştirakı, çıxışlarında hər zaman ziyalı-vətəndaş mövqeyi sərgilədiyi diqqətə çatdırılıb.

Cəlilabad rayonunda təhsilin inkişafındakı uzunmüddətli səmərəli xidmətinə, fəal maarifçilik fəaliyyətinə görə Şakir Paşayevə Bilik Fondunun, rayon təhsil şöbəsinin, TİAHİ Cəlilabad rayon komitəsinin fəxri fərmanları, xatirə hədiyyələri təqdim olunub.

Yubilyar çıxışında Azərbaycan maarifçilik hərəkatının, azərbaycançılıq məfkurəsinin, ana dilimizin, milli ədəbiyyatımızın formalaşmasında və yüksək zirvəyə qalxmasında əvəzsiz xidmətləri olan Cəlil Məmmədquluzadənin ömrünün 7 ilini Naxçıvanda kənd məktəbinin müəllimi kimi çalışdığını, o illərdə topladığı biliklərin sonrakı həyat, fəaliyyətində həlledici rola malik olduğunu xatırladıb.

Qeyd olunub ki, Cəlil Məmmədquluzadənin adını daşıyan, ancaq ədibin heç zaman ayağı dəymədiyi, lakin milli ruhlu fikir, düşüncələrinin hər zaman yüksək dəyərləndirildiyi Cəlilabad şəhərində 1980-ci il mayın 10-da heykəltəraş Rəhim Quliyevin ucaltdığı abidənin, adını daşıyan parkın 2019-cu ildə böyük marifçi mütəfəkkirin 150 illik yubileyinin də qeyd ediləcəyi əsas məkanlardan biridir.

Şakir Paşayev Cəlilabadda müəllimlik fəaliyyəti ilə doğma rayonununda layiqli, bilikli yeni nəslin yetişməsinə verdiyi töhfələrdən qürur duyduğunu, bundan sonra da dil və ədəbiyyatımızın təbliğində, tədrisində bilik və bacarığını sərf edəcəyini deyib, görüşün təşkilatçılarına minnətdarlığını bildirib.

Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla bölgələrdə maarifçilik fəaliyyəti ilə də məşğul olan ziyalıların əməyinə Fond tərəfindən yüksək dəyər verildiyini vurğulayaraq yubilyarı Fondun rəhbərliyi adından təbrik edib.

H.Abdulla rayon ziyalıları ilə keçirilən görüşdə “Ziyalılar evi”nin fəaliyyətinin daha məhsuldar olması üçün ətraflı fikir mübadiləsi aparıldığını, ortaq layihələrin, silsilə maarifçilik tədbirlərinin keçirilməsi barədə birgə razılaşmaların əldə edildiyini bildirib.

Tarix: 19.06.2018

Son xəbərlər