Qəbələdə “Cümhuriyyət dövründə multikulturalizm və dini etiqad azadlığı” mövzusunda tədbir olub


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Qəbələ Rayon İcra Hakimiyyəti və Alban-Udi xristian dini icmasının birgə təşkilatçılığı ilə iyunun 21-də Qəbələ şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Cümhuriyyət dövründə multikulturalizm və dini etiqad azadlığı” mövzusunda “dəyirmi masa” keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova çıxış edərək ölkə Prezidentinin 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi barədə Sərəncamının icrası ilə bağlı rayonda genişmiqyaslı ideya-siyasi, maarifləndirmə tədbirlərinin həyata keçirildiyini bildirib. “Dəyirmi masa”nın maraqlı mövzuya həsr olunduğunu deyən Ə.Osmanova rayon ictimaiyyəti nümayəndələrinin də açıq fikir mübadiləsinə fəal qoşulacağını vurğulayıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin hümanitar fənlər kafedrasının professoru Məhəbbət Paşayevanın “Cümhuriyyət parlamentində multikulturalizm”, Alban-Udi xristian icmasının sədri Robert Mobilinin “Cümhuriyyət hökumətində din və dini etiqad azadlığı”, Bilik Fondunun Qəbələ rayonu üzrə nümayəndəsi, 2 nömrəli şəhər tam orta məktəbin direktoru Təranə Səlimovanın “Müasir Qəbələnin multikultural mənzərəsi” mövzularında məruzələri dinlənilib. Sonra rayon ziyalılarının iştirakı ilə geniş fikir mübadiləsi aparılıb.

Qeyd edilib ki, 23 ay ömür sürmüş Azərbaycan Xalq Cümhuriyyətinin Hökumətində Himayədarlıq və Dini Etiqad, sonra isə Maarif və Dini Etiqad nazirlikləri fəaliyyət göstərib. Parlamentdə din, millətlər məsələsi dəfələrlə müzakirə olunub, bir çox dövlətlərdə mövcud olmayan sivil qərarlar qəbul edilib, bütün dövlətlərlə açıq münasibət qurmağa səy göstərilib. ABŞ, Böyük Britaniya, İtaliya, Belçika, İran, İsveç, Polşa, Finlandiya, Yunanıstan, Danimarka və digər ölkələrin Bakıda diplomatik nümayəndəlikləri açılıb. Parlamentdə dini mənsubiyyətindən asılı olmayaraq, ölkədə yaşayan əksər xalqların - erməni, gürcü, polyak və yəhudilərin təmsil edilməsinə imkan yaradılıb, onlar üçün deputat yeri ayrılıb. Cümhuriyyət Hökuməti 1918-ci il 27 iyun tarixli qərarı ilə o zaman türk dili adlanan Azərbaycan dilini dövlət dili elan etsə də, dövlət idarələrində müəyyən müddətdə rus dilinin işlənməsinə də icazə verilib. Parlamentdə digər millətlərin nümayəndələrinin rus dilində çıxış etmələri də məqbul hesab olunub.

Çıxışlarda müasir Azərbaycanın dünyada multikultural, tolerantlıq örnəyi olduğu da faktlarla diqqətə çatdırılıb. Qəbələnin bu cəhətdən örnək olduğu qeyd edilib. Dünyada xristian udilərin müsəlman azərbaycanlılarla birgə yaşadıqları, dilini, dini etiqadını qoruyub saxladıqları yeganə məkanın Qəbələdə olduğu bildirilib. Sonra mühazirəçlər tədbir iştirakçılarının suallarına cavab veriblər.

Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla fondun yarandığı ilk günlərdən Qəbələ Rayon İcra Hakimiyyəti və Alban-Udi xristian dini icması ilə sıx əməkdaşlığın qurulduğunu, yaddaqalan maarifləndirmə tədbirlərinin həyata keçirildiyini, Nicdə udi gənclər üçün Azərbaycan dili kursunun fəaliyyət göstərdiyini xatırladıb.

Sonda Bilik Fondunun təşkilatçılığı ilə keçirilən “Cümhuriyyət tariximiz - qürurumuzdur” respublika bilik müsabiqəsində qalib gəlmiş Qəbələ məktəbliləri Lalə Ağayeva, Ayşən Kərimli və Ayşən Qurbanovaya fondun sertifikatları təqdim edilib.

Tarix: 21.06.2018

Son xəbərlər