Azərbaycan xalqı məkrli niyyətlərini dindən istifadə edərək reallaşdırmağa çalışan radikal ünsürlərə qarşıdır


Dini radikalizm hər hansı etiqad çərçivəsində ifrat dini baxışlara bağlılığı ifadə edən, həmin dini baxışların müstəsnalığının təsbit edilməsində barışmaz mövqe nümayiş etdirən və ya yayılmasında aqressiv üsul və vasitələrdən istifadə edilməsi ilə səciyyələnən davranışdır. Dini radikalizm dini düşmənçilik və dini fanatizmlə yanaşı, dini ekstremizmin tərkib hissəsidir. Dini fanatizm dini ekstremizmin ideoloji əsaslarından biri olmaqla dini inamın hər hansı tənqidi yanaşmanı istisna edən və dini normalara kor-koranə riayət etmə ilə müşayiət edilən ifrat dərəcəsidir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər iyulun 16-da Ağsuda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təşkili və əhəmiyyəti” mövzusunda keçirilən tədbirdə səsləndirilib.

Rayon ictimaiyyətinin, dindarların, təhsil işçilərinin, QHT və KİV nümayəndələrinin iştirak etdikləri tədbirdə Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyevin mövzu ilə bağlı mühazirəsi dinlənilib. O, dini radikalizmin hər hansı bir ölkənin sabitliyinə, inkişafına təhlükə olduğunu vurğulayaraq buna qarşı birgə mübarizənin zəruriliyini vurğulayıb. Qeyd olunub ki, 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi, bu istiqamətdə keçirilən beynəlxalq tədbirlər nəinki İslam ölkələrinin, həm də İslamda olan müxtəlif təriqətlərin, habelə İslam dini ilə digər dinlərin həmrəyliyinə bir çağırış idi.

İsaxan Vəliyev bu gün sabitliyin hökm sürdüyü, dinamik inkişaf edən Azərbaycanı gözü götürməyən, ölkəni Suriyaya çevirmək istəyən bir sıra xarici qüvvələrin olduğu bir şəraitdə Gəncədə radikal, ekstremist qüvvələrin zorakı hərəkətlər törətməyə cəhd etdikləri vaxtda ayıq-sayıq olmağın, bir yumruq kimi birləşməyin vacibliyini vurğulayıb. Bildirilib ki, zorla öz ideologiyasını qəbul etdirməyə çalışan dini radikalizmə, ekstremizmə qarşı mübarizə Azərbaycan qanunlarında aydın təsbit olunub. Bu gün dini ekstremizm fəaliyyəti ilə məşğul olan şəxs cinayət məsuliyyətinə cəlb edilir.

Məruzədə din-dövlət münasibətləri, dini etiqad azadlığı, dini ayinlərin icrası və sair məsələlər geniş şərh olunub.

Sonra tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva, icra hakimiyyəti başçısı aparatının məsul işçisi Mirqubat Orucov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Nurəddin İslamov, rayon veteranlar təşkilatının sədri Cəmaləddin Zeynalov çıxış ediblər.

Çıxışlarda ölkəmizdə dini təriqətlər arasında tarazlıq yaradan siyasətin yürüdüldüyü, dinlər arasında heç bir fərqin qoyulmadığı bir vaxtda İslam pərdəsi altında terrorçuluqla məşğul olmağın Azərbaycan dövlətinin Konstitusiya hüququnun əsaslarının sarsıdılmasına yönəldilən ekstremist hərəkət olduğu bildirilib. Azərbaycanın dünyəvi dövlət olduğu diqqətə çatdırılaraq qeyd edilib ki, xalqımız məkrli niyyətlərini dindən istifadə edərək reallaşdırmağa çalışan radikal ünsürlərə qarşıdır.

Tarix: 16.07.2018

Son xəbərlər