Zaqatalada “Maarifçi xanımlar” klubunun yaradılması təklif olundu


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Zaqatala rayonu üzrə nümayəndəliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə “Maarifləndirmə işlərinə dəstək” mövzusunda “dəyirmi masa” təşkil olunub.
 
Mərkəzin yeni binasında keçirilən “dəyirmi masa”da müəllim və valideynlərlə yanaşı, rayon ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.
 
Mərkəzin direktoru Cövhərət İbrahimova, Zaqatala şəhərindəki Akademik Zərifə Əliyeva adına texniki fənlər liseyinin direktoru, Bilik Fondunun rayon nümayəndəsi Kəmalə Əhmədova, liseyin müəllimi Vüsalə Mahmudova və digər qadın ziyalıların çıxışlarında bildirilib ki, son illər respublikamızda ideoloji sahədə aparılan təbliğat, izahat, maarifçilik işləri müsbət nəticələrini verir. Ölkəmizin sosial-ictimai, mənəvi həyatında yeniləşmə hiss olunur. Xüsusilə də maarifləndirmə işlərinə dövlət rəhbərliyi tərəfindən göstərilən ardıcıl diqqət əlaqədar qurumların fəaliyyətində canlanma yaradıb. Bilik Fondu ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə maarifçilik layihələri keyfiyyətli nəticələrə verir.
 
Maarifçilik tədbirlərinin ardıcıl xarakter almasının vacibliyini vurğulayan natiqlər Fondun və Komitənin birgə təsisçiliyi ilə “Maarifçi xanımlar” klubunun yaradılmasını təklif ediblər. Bildirilib ki, bu klub Mərkəzdə fəaliyyət göstərən aktiv terapiya, ünsiyyət terapiyası, su terapiyası, loqoped xidməti, psixoloji konsultasiya, inkişafetdirici məşğələlər, rus dili, ingilis dili, kompüter proqramları və əl işləri dərnəklərinin işinə də fəal kömək göstərəcək. Təkcə ümumtəhsil məktəbləri, kollec və universitet filiallarında deyil, həm də valideynlər arasında, ayrı-ayrı kollektivlərdə maarifçilik işi aparılmasına dəstək verəcək. Klub üzvlərinin ilk iclasında maarifləndirmə tədbirlərinin keçiriləcəyi məkan, zaman və mövzular müəyyən edilib.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 05.09.2018

Son xəbərlər