Bilik Fondu bölgələrdə Bilik Gününü qeyd etdi


 
Şamaxı və Qobustan məktəbləri qardaşlaşdı
 
15 sentyabr - Bilik Günündə Şamaxı rayonu Sabir qəsəbə tam orta məktəbi və Qobustan şəhər 3 nömrəli tam orta məktəbi üçün əlamətdar hadisə ilə yadda qalıb.
 
Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsinin növbəti iştirakçıları bu iki təhsil ocağı olub.
 
Hər iki məktəbin müəllim və şagirdlərinin, valideynlərin iştirak etdikləri tədbirdə əvvəlcə Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdullanın “Cümhuriyyət tariximiz qürurumuzdur” mövzusunda mühazirəsi dinlənilib.
 
Sonra Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsi barədə film nümayiş olunub. Qardaşlaşma sazişini Qobustan məktəbinin 8-ci sinif şagirdi Zəhra Rəsullu və Şamaxı məktəbinin 11-ci sinif şagirdi Simran Adıgözəlov imzalayıblar. Məktəb direktorları onların imzalarını möhürlə təsdiqləyiblər.
 
Bilik Fondunun Rusiya, Türkiyə və Azərbaycan məktəblilərinin birgə iştirakı ilə keçirilən ilk beynəlxalq Qardaşlaşma sazişini imzalayan Türkiyənin Ankara şəhər Heydər Əliyev liseyinin şagirdi Burkay Evrim Yılmaz canlı videobağlantı ilə hər iki məktəbin kollektivini Qafqaz İslam Ordusu tərəfindən Bakının və qədim Şirvan torpaqlarının bolşevik-daşnak əsarətindən xilas edilməsinin 100-cü ildönümü münasibətilə təbrik edib, həmyaşıdlarına lisey kollektivinin salamlarını, ən xoş arzularını çatdırıb.
 
Hər iki məktəbin şagirdləri Bilik günü münasibətilə hazırladıqları musiqili-ədəbi proqramla çıxış ediblər. Şagirdlərə Fondun adından kitablar hədiyyə edilib.
 
Astara Bilik Evi gənc rəssamları bir araya gətirdi
 
Astara Bilik Evi Bilik Gününü gənc rəssamlarla birgə qeyd edib. Sentyabrın 15-də Astara Bilik Evində fəaliyyət göstərən rəssamlıq dərnəyinin üzvlərinin bu əlamətdar günə həsr etdikləri əl işlərindən ibarət sərgi açılıb.
 
Sərginin açılışında çıxış edən Astara Bilik Evinin rəhbəri Yasəmən Rəsulova iştirakçıları Bilik Günü münasibətilə təbrik edib və onarın fəallığını yüksək qiymətləndirdiyini bildirib. Y.Rəsulova dərnək üzvləri olan gənclərin gələcəkdə bu istiqamətdə peşəkar fəaliyyətə başlayacaqlarına ümid etdiyini deyib və hər birinə uğurlar arzulayıb.
 
Sonra sərgiyə baxış keçirilib. Karandaş və sulu boyalarla işlənmiş rəsmlərdə gənc fırça ustaları elmə, biliyə, öyrənməyə olan həvəslərini ifadə etməyə çalışıblar.
 
Balakəndə mühazirə
 
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Balakəndəki Humanitar və texniki təmayüllü liseydə müəllim və şagirdlərin iştirakı ilə "Cümhuriyyət tariximiz qürurumuzdur" adlı tədbir keçirilib.
 
Tədbirdə Bilik Fondunun mühazirəçisi, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli Cümhuriyyət tariximizin maraqlı məqamlarından danışaraq 1918-ci il sentyabrın 15-də Bakının azad edilməsinin 100 illiyindən, bu tarixin yazılmasında Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun xüsusi rolundan bəhs edib. Bildirilib ki, Qafqaz İslam Ordusu Bakının azad edilməsində böyük şücaət göstərib, onun tərkibində vuruşan yüzlərlə türk əsgəri şəhidlik zirvəsinə yüksəliblər.
 
Mühazirəçi iştirakçıların çoxsaylı suallarını ətraflı cavablandırıb.
 
Şəmkirdə mühazirə
 
Bilik Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Şəmkir şəhər Ə.Cavad adına 4 nömrəli tam orta məktəbdə mühazirə keçirilib. Şəmkir Bilik Evinin əməkdaşı Hicran Əliyeva məktəblilər qarşısında “Cümhuriyyət tariximiz qürurumuzdur” mövzusunda mühazirə ilə çıxış edib.
 
Mühazirəçi çıxışında müasir Azərbaycanın bu il 100 yaşını qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisi olduğunu söyləyib, Şərqdə, müsəlman aləmində ilk demokratik dövlətin qurulmasından, onun dövlətçilik prinsiplərindən bəhs edib.
 
Sonra məktəbin tarix müəllimi Lalə Hacıyeva çıxış edərək, 23 aylıq şərəfli tarixi müddətində Azərbaycan Xalq Cümhuriyyətinin yarımçıq qalan işlərinin müasir Azərbaycanın qurucusu, memarı olan Ümummilli lider Heydər Əliyevin başa çatdırdığını və bu gün də ölkəmizin həmin təməllər üzərində uğurla işıqlı sabahlara doğru irəlilədiyini vurğulayıb.
 
Lənkəranda Cümhuriyyət tariximizə həsr olunmuş tədbir
 
Lənkəran rayonun Cil kənd tam orta məktəbində Bilik Fondunun təşkilatçılığı ilə keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşı Emin Həmidli, Cil kənd tam orta məktəbinin direktoru Ağamoğlan Həbibov, müəllimlər və məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər.
 
Ağamoğlan Həbibov çıxışında 1918-ci ilin 28 may tarixinin Azərbaycanın dövlətçilik salnaməsinə qızıl hərflərlə yazıldığını bildirib.
 
Qağayı Məmmədov “Cümhuriyyət tariximiz qürurumuzdur” adlı məruzəsində türk-islam dünyasında ilk demokratik və dünyəvi dövlət nümunəsi olan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyət dövrü haqqında ətraflı məlumat verib.
 
Ağdamda
 
Ağdam rayonunun cəbhə xəttində yerləşən Evoğlu kənd tam orta məktəbində keçirilən tədbirdə yuxarı sinif şagirdlərinə Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə rolu barədə ətraflı məlumat verilib. Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Tahir Ağaməmmədov məruzəsində XX
 
əsrin əvvəllərindəki ictimai-siyasi vəziyyət, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, həyata keçirdiyi tədbirlər və süqutunun səbəblərindən danışıb. Bildirilib ki, Xalq Cümhuriyyətinin qısa zaman kəsiyində həyata keçirdiyi tədbirlər xalqımızın tarixində dərin iz buraxıb. Cümhuriyyət hökuməti çətin tarixi şəraitdə üzərinə götürdüyü missiyanı şərəflə yerinə yetirib, Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı, milli ordusu təşkil edilib, müstəqil dövlətçilik atributları - bayraq, himn və gerb yaradılıb, ana dili dövlət dili elan edilib, pul və poçt markaları dövriyyəyə buraxılıb. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, iqtisadiyyat, mədəniyyət, təhsil və digər sahələrdə atılan addımlar Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaradıb.
 
Dinləyicilər mühazirəni yüksək qiymətləndirib və təşkilatçılara minnətdarlıqlarını ifadə ediblər.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 18.09.2018

Son xəbərlər