Bilik Fondu Xızıda silsilə tədbirlər keçirib


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Xızı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayondakı Heydər Əliyev Mərkəzində Milli Məclisdə Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda Prezident İlham Əliyevin nitqindən irəli gələn məsələlərin müzakirəsinə həsr olunmuş “dəyirmi masa” təşkil edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə ölkəmizdə Xalq Cümhuriyyətinin müstəqillik ideyalarına, Cümhuriyyət qurucularının adının əbədiləşdirilməsinə, bu tarixin öyrənilməsinə xüsusi önəm verildiyi vurğulanıb. Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağının məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında rəsmi dövlət bayrağı kimi tanınması tarixi hadisə, müstəqilliyə aparan önəmli addımlardan biri idi.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla dövlət başçısının nitqinin əsas istiqamətləri barədə ətraflı məlumat verib. Bildirilib ki, ulu öndər Heydər Əliyev “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında" 1998-ci il 30 yanvar tarixli Sərəncamında qeyd olunmuşdu ki, Cümhuriyyətin yaradılması Azərbaycan xalqının həyatına əlamətdar hadisə kimi daxil olub. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Cümhuriyyət istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirib. Azərbaycan Xalq Cümhuriyyəti ölkənin daxilində və xaricində yaranmış gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərsə də, bu dövlətin qısa bir müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində böyük iz buraxıb.

Eyni fikirlər Ümummilli Liderimizin siyasi varisi Prezident İlham Əliyevin sentyabrın 21-də Milli Məclisdə keçirilmiş yubiley iclasında da xüsusi vurğulanıb. Dövlət başçısı bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti müsəlman aləmində ilk demokratik respublika idi və Azərbaycan xalqı haqlı olaraq fəxr edir ki, bu respublikanı yaradan biz olmuşuq. Prezidentin nitqində Cümhuriyyətin yarandığı tarixi şərait təhlil olunmaqla bərabər, xüsusi qeyd edilib ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətin işdir. Bu şərəfli, çətin, məsuliyyətli missiyanın reallığa çevrilməsi, Cümhuriyyət qurucularının arzularının yerinə yetirilməsi müasir müstəqil Azərbaycan Respublikasının qurucusu Heydər Əliyevin adı ilə bağlıdır.

Sonra Azərbaycanın Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycan Xalq Cümhuriyyətinin tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vasif Qafarovun “Müasir Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda məruzəsi dinlənilib.

Tarixçi alim faktlarla qeyd edib ki, milliyyətindən, siyasi və dini mənsubiyyətindən, cinsindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqların verilməsi, dövlət sərhədlərinin müəyyən olunması, Azərbaycan dövlətçiliyi atributlarının qəbul edilməsi, ana dilinin dövlət dili elan olunması Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaradıb. Demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq sahələrində atılmış addımlar Cümhuriyyətin 23 aylıq fəaliyyətini əks etdirən əsas istiqamətlərdir. Cümhuriyyət ideyalarına sədaqət, varislik prinsiplərinin qorunub saxlanması, yeni müasir tələblər baxımından davam və inkişaf etdirilməsi Azərbaycan Respublikasının nail olduğu mühüm uğurlardır.

Xızı Rayon İcra Hakimiyyətinin sektor müdiri Ceyhun İskəndərov, rayon Təhsil Şöbəsinin müdiri Oqtay Abdullayev, məktəb direktorları Fəqət Bəşirov, Fazil Məmmədov və başqaları çıxışlarında Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında və 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncamlarından irəli gələn vəzifələrin icrası ilə bağlı rayonda görülən işlər, həyata keçirilən tədbirlər barədə məlumat veriblər. Bilik Fondunun “Cümhuriyyətimiz qürurumuzdur” layihəsində Xızı məktəblilərinin də fəal iştirak etdiyi diqqətə çatdırılıb.

İnteraktiv formada keçirilən “dəyirmi masa”da dinləyiciləri maraqlandıran suallara cavab verilib, Prezident İlham Əliyevin Cümhuriyyət parlamentinin 100 illiyinə həsr olunmuş iclasdakı nitqinin öyrənilməsi, şərhi, təbliği istiqamətində Bilik Fondunun apardığı işlərin əhalinin maarifləndirilməsi üçün əhəmiyyətli olduğu bildirilib.

“Dəyirmi masa” ilə yanaşı, Xızı rayonunun qabaqcıl təhsil müəssisələrindən olan Şurabad qəsəbə tam orta məktəbində keçirilən “Məktəblilərə Cümhuriyyət dərsi” də şagirdlər tərəfindən maraqla qarşılanıb. Tarix üzrə fəlsəfə doktoru Vasif Qafarov son iki ildə Tarix İnstitutunda aparılan elmi-tədqiqat işləri barədə ətraflı məlumat verib.

Məktəbin direktoru, Bilik Fondunun Xızı rayonu üzrə nümayəndəsi Xatirə Həşımzadə Fondun azsaylı kollektivinin respublikamızın bütün guşələrində apardığı genişmiqyaslı maarifçilik işlərinin müsbət nəticələr verdiyini bildirib. Tədbirdə şəhər və rayon təmsilçilərinin bu istiqamətdə öhdəsinə düşən vəzifə və məsuliyyətdən danışılıb.

Bilik Fondunun sektor müdiri Hacı Abdulla Şurabad Cümə məscidində dindarlarla görüşüb, onlara dini maarifləndirməyə, dövlət-din münasibətlərinə dair Bilik Fondu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəşr etdirdiyi kitabları hədiyyə edib.

Dini icmanın rəhbəri Hacı Rüfət Mustafayev dini maarifçilik tədbirlərinin ölkəmizdə dini radikalizmin, mövhumatçılıq və fanatizmin qarşısının alınmasında, islam əxlaqının, milli-mənəvi dəyərlərimizin, azərbaycançılıq məfkurəsinin təbliğində müsbət rolunu qeyd edib. Məhərrəmlik ayında ayinlərin müqəddəs dinimizdə tövsiyə edilən əxlaq və hüquq çərçivəsində keçirildiyini söyləyib. O, hədiyyə edilən kitabların dindarların, qəsəbə sakinlərinin dini biliklərinin artmasına yardım edəcəyini bildirib.

Tarix: 24.09.2018

Son xəbərlər