Qəbələ və Oğuzda maarifləndirici tədbirlər


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “Mədəni maarifləndirmə” proqramı çərçivəsində Oğuz Bilik Evində “Gənclərin formalaşmasında sosial şəbəkələrin rolu” mövzusunda dəyirmi masa təşkil edib. Tədbirdə Bilik Fondunun Ölkədaxili layihələr sektorunun baş məsləhətçisi Nüşabə Hüseynova “Sosial şəbəkələr və milli-mənəvi dəyərlərimiz” mövzusunda mühazirə söyləyib. N.Hüseynova sosial şəbəkələrin milli-mənəvi dəyərlərimizə neqativ təsirlərindən, həmçinin, üstün xüsusiyyətlərindən danışıb, sosial şəbəkələrin maarifçiliyin inkişafına və yayılmasına dəstəyini vurğulayıb, gənclərə onun zərərli tərəflərindən uzaq durmağı tövsiyə edib.
 
Fondun Oğuz rayonu üzrə nümayəndəsi Anar Məcidov “Sosial şəbəkələrin gənclərin dünyagörüşünə təsiri” mövzusunda məruzəsində sosial şəbəklərin yeniyetmələrin inkişafına hesablanmış imkanlarından bəhs edib.
 
Mühazirələrdən sonra mövzu ətrafında müzakirə keçirilib, iştirakçılar fikirlərini səsləndirib, münasibətlərini bildiriblər. Oğuz şəhər 2 nömrəli məktəbin tarix müəllimi Vüsal Əliyev sosial şəbəkə istifadəçiləri arasında aşağı sinif şagirdlərinin olmasını arzuedilməz hal hesab etdiyini söyləyib və bu sahədə davamlı şəkildə maarifləndirməyə ehtiyac duyulduğunu deyib.
 
Bilik Fondu daha bir maariflndirici tədbirini Qəbələdə gerçəkləşdirib. 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması ilə bağlı ölkə başçısının imzaladığı Sərəncama uyğun olaraq, Fondun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində Qəbələ Mədəniyyət Mərkəzində Cümhuriyyət tariximiz yad edilib. Tədbiri Rayon İcra Hakimiyyətinin İctimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Vüsalə Soltanova açaraq, belə maarifləndirici layihələrin geniş miqyasda keçirildiyinə görə Bilik Fonduna minnətdarlığını bildirib.
 
Bilik Fondunun baş məsləhətçisi Nüşabə Hüseynova “Mədəni maarifləndirmə” proqramı çərçivəsində Cümhuriyyət tariximizin təbliği istiqamətində keçirilən tədbirlərdən danışıb.
 
Tədbirdə ARB “Aranfilm” Yaradıcılıq Mərkəzinin istehsalı olan “Cümhuriyyət tələbələri” sənədli filmi nümayiş etdirilib. Filmin nümayişindən sonra Qəbələ rayon Təhsil şöbəsinin metodisti, ixtisasca tarix müəllimi olan Tərbiyə İsayeva tariximizin şanlı səhifələrindən olan Cümhuriyyət dövrünə həsr olunmuş belə tədbirlərin yeniyetmələrin vətənpərvərlik ruhunda formalaşmasında böyük təsir gücünə malik olduğunu söyləyib. N.Hüseynova tədbir iştirakçılarının çoxsaylı suallarını ətraflı cavablandırıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 02.10.2018

Son xəbərlər