Balakəndə “İgidimizi tanıyaq” adlı tədbir keçirildi


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Balakən rayon Humanitar və texniki təmayüllü liseydə “İgidimizi tanıyaq” mövzusunda “dəyirmi masa” keçirilib.
 
Tədbirin qonağı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunmuş baş çavuş Ramazan Kurupov olub.
 
Müəllim və şagird kollektivinin iştirak etdiyi tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət xidmətinin Balakən Rayon Şöbəsinin rəis müavini Rəhim Mustafayev, Balakən Rayon Təhsil Şöbəsinin Gənclərin Çağırışaqədər Hazırlıq fənni üzrə metodisti Rəşid Musayev, Qarabağ müharibəsi qaziləri İkram İbadov və Məhəmməd Qardaşov, “Əsgər Ailəsi” İctimai Birliyinin sədri Nəfisət Vahid, Balakən Rayon Gənclər və İdman İdarəsinin rəisi Rasim Paçalov, Bilik Fondunun Balakən rayonu üzrə nümayəndəsi, liseyin direktoru Şaban Abdullayev qəhrəmanlarımızın yaxından tanıdılması mövzusunda fikirlər səsləndiriblər.
 
Baş çavuş R.Kurupov Vətən qarşısında öz əsgəri vəzifələrini Azərbaycan Qanunlarına, Hərbi Andın və Nizamnamənin tələblərinə uyğun yerinə yetirməyin vacibliyinə diqqqət çəkib. Bildirib ki, komandirlərin əmrlərinə dəqiq və düzgün əməl etmək, atıcı silahları mükəmməl öyrənmək və onlardan düzgün istifadə etmək qaydalarını bacarmaq lazımdır. O, belə bir görüşün keçirilməsinə dəstək verdiyinə görə Bilik Fondunun Baləkən rayon nümayəndəliyinə minnətdarlığını bildirib.
 
Sonda liseyin şagirdləri vətənpərvərlik mövzusunda kompozisiya ilə çıxış ediblər.
 
Azərbaycan Respublikası Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 09.10.2018

Son xəbərlər