“Dilimiz sərvətimizdir” layihəsi çərçivəsində Qaradağ və Hacıqabulda mühazirələr təşkil olundu


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Dilimiz sərvətimizdir” layihəsi çərçivəsində silsilə maarifləndirici tədbirlər davam edir.
 
Qaradağ rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutu Monitorinq şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, dosent Sevinc Əliyeva və Hacıqabul rayon Heydər Əliyev Mərkəzində İnstitutun Müasir Azərbaycan dili şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Məmmədovanın “Azərbaycan dilinin tədrisi dövlət dilinin qorunmasında xüsusi mərhələ kimi” mövzusunda mühazirələri təşkil olunub. Tədbirlərdə rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
 
Qaradağ rayonunda keçirilən tədbiri İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova açaraq, Bilik Fondu ilə birgə həyata keçirdikləri maarifləndirici layihələr barədə məlumat verib.
 
Hacıqabulda isə tədbiri Fondun yerli nümayəndəsi, Nəvahi qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru Zaur Qasımov açıb. Bildirib ki, dilimizin qorunması hər bir vətəndaşın mənəvi borcu və hüquqi öhdəliyidir, Bilik Fondunun bu istiqamətdə maarifləndirici tədbirləri müsbət nəticələr verir.
 
Hər iki tədbirdə mühazirəçilər Azərbaycan dilinin qorunması ilə bağlı ölkə başçısının sərəncam, tapşırıq və tövsiyələrini xatırladaraq, qarşıya qoyulan vəzifələrin icrası istiqamətində görülən işlərdən danışıblar. Qeyd edibər ki, dilin saflığı, yad təsirlərdən qorunması hər bir vətəndaşın ən ümdə vəzifələrindəndir.
 
Natiqlər 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi, Azərbaycan dilinin dövlət dili kimi işlənməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi yollarından bəhs ediblər. Xalqımıza və onun dilinə tükənməz məhəbbətini, qayğısını əsirgəməyən Ümummilli lider Heydər Əliyevin və hazırda bu ənənələri uğurla davam etdirən Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğısından bəhs edən mühazirəçilər dövlət başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı və bu istiqamətdə görülən işlərin dilimizin inkişafına böyük qayğının təzahürü olduğunu vurğulayıblar.
 
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 12.10.2018

Son xəbərlər