Bilik Fondu paytaxtda və bölgələrdə Dövlət Müstəqilliyi Gününü qeyd etdi


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümü münasibətilə paytaxtda və müxtəlif rayonlarda silsilə tədbirlər təşkil edib. Tədbirlər Fondun yerli nümayəndələrinin və Bilik evlərinin təşəbbüsü ilə keçirilib.
 
Fondun Neftçala rayonu üzrə nümayəndəsi Ülvi Fərzəliyev Mikayıllı kənd ümumi orta məktəbinin müəllim və şagird kollektivi ilə görüşüb. “Müstəqilliyimiz əbədidir” mövzusunda məruzə ilə çıxış edən natiq Azərbaycanın ikinci dəfə müstəqilliyə qovuşmasının əsasının XX əsrin 70-80-ci illərindən Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə qoyulduğunu deyib. Bildirib ki, o zaman Ulu öndər ölkəmizin müstəqil iqtisadiyyatının olmasına çalışır, ideoloji sahədə böyük islahatlar aparır, xalqın təfəkküründə milli-mənəvi dəyərlərin dərin iz salması istiqamətində layihələrin həyata keçirilməsinə nail olurdu. Müasir Azərbaycan 23 ay yaşayan ilk müstəqilliyimizin varisidir və Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə sürətli inkişaf dövrünü yaşayır.
 
Tədbirdə şagirdlərlə fikir mübadiləsi aparılıb. Fəallığı ilə seçilən məktəblilərə kitablar hədiyyə edilib.
 
Fondun Xaçmaz rayonu üzrə nümayəndəsi Akiş İsmayılovun təşəbbüsü ilə M.Məhəmmədov adına şəhər 4 nömrəli tam orta məktəbdə təşkil olunan tədbir təhsil ocağının şagird və müəllim kollektivinin iştirakı ilə keçirilib. Məktəblilər bayrama həsr olunan ədəbi-bədii kompozisiyalar göstəriblər.
 
Kəlbəcər rayon 11 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə direktor Əlizamin Qarayev çıxışında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsindən danışıb. Tarix müəllimi İ.Şükürov tədbir iştirakçılarına müstəqillik tarixi barədə geniş məlumat verib. Çıxışlardan sonra şagirdlər müstəqillik gününə həsr olunmus şeirlər səsləndiriblər.
 
Fondun Zaqatala rayonu üzrə nümayəndəsi Kəmalə Əhmədovanın təşəbbüsü ilə rayonun akademik Z.Əliyeva adına texniki fənlər təmayüllü liseyində “Müstəqilliyin əbədi olsun, Azərbaycan!” adlı tədbir keçirilib. Tədbirdə Zaqatala Rayon İcra hakimiyyəti, Rayon Təhsil Şöbəsinin nümayəndələri, akademik Z.Əliyeva adına liseyin müəllim, şagird kollektivi və valideynlər iştirak edib.
 
"Azərbaycanın dövlət müstəqilliyi xalqımızın milli sərvətidir" mövzusunda tədbir Şəmkir rayon Dəllər qəsəbə Zaur Abbasov adına tam orta məktəbdə gerçəkləşib.
Fondun Şəmkir rayonu üzrə nümayəndəsi Eyvaz Vəliyev təhsil ocağının kollektivinin iştiark etdiyi tədbiri açaraq, dövlət müstəqilliyinin bərpasının növbəti ildönümü münasibətilə təhsil işçilərini təbrik edib.
Bayram tədbirində tarix müəllimi Aidə Qasımova mühazirə söyləyib. Bildirib ki, Şərqin ilk demokratik dövlətinin məhz Azərbaycanda yaranması və 1991 - ci il, 18 oktyabr trixində ölkənin yenidən müstəqilliyi qovuşması xalqın ən böyük qazancıdır
 
Gəncə şəhər N.Rəfibəyli adına 43 nömrəli tam orta məktəbdə “Müstəqilliyimiz əbədidir” mövzusunda “dəyirmi masa” keçirilib. Fondun Gəncə şəhəri üzrə nümayəndəsi Günay Əliyevanın direktoru olduğu təhsil ocağının tarix müəllimləri maraqlı məlumatlarla çıxış ediblər.
 
Yasamal rayonu 53 nömrəli tam orta məktəbdə "Müstəqilliyimiz əbədidir" adlı ədəbi-bədii kompozisiya göstərilib.
Tədbiri məktəbin tərbiyə işləri üzrə müavini Lalə Nəzirova açıb. Fondun yerli nümayəndəsi Firəngiz Həsənova iştırakçıları - məktəb kollektivi və valideynləri təbrik edib.
 
Fondun Nərimanov rayonu üzrə nümayəndəsi Emilya Səfərəliyevanın direktoru olduğu 36 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə təhsil ocağının tarix müəllimləri Azərbaycanın Dövlət Müstəqilliyinin tarixi barədə ətrafı məlumat veriblər. Şagirdlərin ifasında bədii kompozisiya nümayiş olunub.
 
Fondun Nəsimi rayonu üzrə nümayəndəsi Sevinc Budaqovanın rəhbərlik etdiyi 46 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi Xəzər rayonu Mərdəkan qəsəbəsindəki valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbinin qonağı olublar.
 
Göygöl nümayəndəsi Anar Rzayevin təşkilatçılığı ilə şəhər 4 nömrəli tam orta məktəbdə "Müstəqillik ən böyük qazancımızdır" mövzusunda inşa müsabiqəsi keçirilib. 20 orta məktəbdən 40 şagirdin qatıldığı müsabiqənin qalibləri yaxın günlərdə müəyyənləşəcək.
 
Oğuzda Rayon İcra Hakimiyyəti, Təhsil Şöbəsi, Bilik Evinin birgə təşkilatçılığı ilə şeir müsabiqəsi keçirilib və qaliblər mükafatlandırılıb.
 
Qax Bilik Evinin təşkilatçılığı ilə keçirilən tədbir Əmbərçay kənd ümumi orta məktəbində gerçəkləşib. Bilik Evinin müdiri Rövşən Hədisov iştirakçılara bu günün tarixi ilə bağlı ətraflı məlumat verib.
 
Ağstafa rayonu Qırılı kənd tam orta məktəbindəki tədbir yerli Bilik Evinin təşkilatçılığı ilə baş tutub. Yığıncaqda Fondun nümayəndəsi Leyla İsayeva müstəqillik illərinə qədər xalqımızın keçdiyi çətin yollardan və azadlığımızı qazanmaqla əldə etdiyimiz nailiyyətlərdən geniş bəhs edib.
 
Nardaran Bilik Evinin təşəbbüsü ilə 295 nömrəli tam orta məktəbdə gerçəkləşən bayram tədbirində Fondun kiçik mütəxəssisi Nərmin Əliyeva, müəllim Səbahət Həsənova Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il oktyabrın 18-də keçirilmiş tarixi sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya aktının yekdilliklə qəbul edildiyindən söz açıblar.
 
Ağdaş Bilik Evində fəaliyyət göstərən kursun dinləyiciləri Rayon Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Bilik Evinin təlimçisi Sərxan Nemətov, mərkəzin əməkdaşı Kəmalə Sadıqova müstəqillik illərində qazanılmış uğurlardan söz açıblar. Sonda müstəqilliyimizin 27-ci ildönümünə həsr olunmuş videoçarx nümayiş olunub.
 
Astara Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə “Müstəqil Azərbaycan Respublikası bizim ən böyük tarixi nailiyyətimizdir” mövzusunda sərgi açılıb.
 
İsmayıllı Bilik Evinin müdiri Sevinc Novruzova müstəqilliyimizin 27-ci ildönümü münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək “Müstəqilliyimiz əbədidir” mövzusunda məruzə ilə çıxış edib.
 
Bərdə rayonu üzrə nümayəndə Vidadi Süleymanovun təşəbbüsü ilə akademik Zərifə Əliyeva adına texniki təmayüllü məktəb-liseydə, Xızı rayonu üzrə nümayəndə Xatirə Həşimzadənin təşəbbüsü ilə Şuraabad qəsəbə tam orta məktəbində, Quba rayonu üzrə nümayəndə Sara Məmmədovanın təşəbbüsü ilə şəhər 3 nömrəli tam orta məktəbdə dövlət müstəqilliyinin ildönümü ilə bağlı maarifləndirici tədbirlər keçirilib.
 
Tədbirlərdə müstəqillik illərində aparılan uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq arenada söz sahibi olması və öz mövqeyini möhkəmləndirməsi xüsusilə vurğulanıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 18.10.2018

Son xəbərlər