Bilik Fondu energetika sahəsində çalışanların peşə bayramını qeyd etdi


Oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdindəki Bakı Neft-Energetika Kollecində 20 oktyabr - Azərbaycanda energetiklərin peşə bayramı günü münasibəti ilə tədbir keçirilib.
 
Fondun “İqtisadi maarifləndirmə” proqramı çərçivəsində gerçəkləşən tədbiri açan kollecin direktor müavini Hüseyn Hüseynov iştirakçıları bayram münasibəti ilə təbrik edərək, 20 oktyabr 1981-ci il tarixində “Azərbaycan” İES-in birinci enerji blokunun Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə istifadəyə verildiyini, bununla da Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsası qoyulduğunu diqqətə çatdırıb.
 
Vurğulanıb ki, cənab Prezident İlham Əliyevinin 13 oktyabr 2004-cü il tarixli Sərəncamı ilə 20 oktyabr gününün bayram elan edilməsi bu sahədə çalışan insanların fədakar əməyinə verilən böyük dəyərdir.
 
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, sosiologiya üzrə fəlsəfə doktoru, dosent İnşallah Qafarov “Dövlətimizin energetika siyasəti xalqımızın sosial rifahına xidmət edir” mövzusunda mühazirə ilə çıxış edib. İ.Qafarov energetika və nəqliyyat sahələrində əldə edilən nailiyyətlərin ölkə başçısının həyata keçirdiyi düşünülmüş iqtisadi siyasəti nəticəsində mümkün olduğunu bildirib, Cənub Qaz Dəhlizi boru kəməri, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi və digər önəmli layihələrin iqtisadi əhəmiyyətindən danışıb.
 
Bilik Fondunun məsləhətçisi Aynur Tağıyeva təmsil etdiyi qurumun şəxsin fasiləsiz təhsilini, daim yeniləşən, müasir standartlara uyğun biliklərə və dünyagörüşünə yiyələnməsini, inkişafını təmin etmək məqsədi ilə regionlarda və Bakıda həyata keçirilən maarifləndirici layihələrdən danışıb.
 
Sonda dinləyicilərin sualları cavablandırılıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 19.10.2018

Son xəbərlər