Bilik Fondu tələbə jurnalistlərin mediaturunu təşkil etdi


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə fəaliyyət göstərən "Gənc jurnalistlər" Klubunda "Tədrisdən təcrübəyə" təlim kursunun iştirakçıları olan Jurnalistika fakültəsi tələbələri oktyabrın 20-də İsmayıllı rayonunun Lahıc və Basqal qəsəbələrinə ekskursiya ediblər.
 
Ölkə başçısının 3 oktyabr 2018-ci il tarixində “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu haqqında imzaladığı Sərəncamda əksini tapan fikirlər Fondun təliminə qatılan tələbə jurnalistlərdə böyük maraq yaratdığından onlar qədim yaşayış məskəni ilə yaxından tanış olmaq və təəssüratlarını KİV vasitəsilə təqdim etmək istədiklərini bildiriblər.
 
Fondun rəhbərliyi bu xahişi nəzərə alaraq, Prezident İlham Əliyevin Sərəncamda vurğuladığı “Azərbaycanın zəngin tarixə və bənzərsiz təbiətə malik qədim yaşayış məskənlərindən biri olan İsmayıllı rayonunun Basqal qəsəbəsi özünün memarlıq xüsusiyyətləri ilə orta əsrlər şəhər mədəniyyətinin elementlərini müasir dövrümüzə qədər çatdırmış unikal yaşayış məskənlərindən biridir. Burada salınmış Qoşabulaq, Dərəməhəllə, Dəmirçibazar və digər qədim məhəllələr, IX-XIX əsrlərə aid istehkamlar, məscidlər, su və kanalizasiya şəbəkələri, hamam, bulaqlar, mülklər və 300 ildən artıq yaşı olan çinar ağacı kimi tarix-mədəniyyət abidələri mədəni irsimizin qiymətli nümunələri sırasındadır. Basqalda ipəkçilik, dəmirçilik kimi sənətlər əhalinin əsas məşğuliyyəti olmuşdur. Burada hazırlanan kəlağayılar XII-XIII əsrlərdə Qafqazda, Şərq və Avropa ölkələrində böyük maraq doğurmuşdur” təqdimatının əyani şahidi olsunlar deyə, tələbə jurnalistlər üçün elmi mediatur təşkil edib. Bununla yanaşı, gənclər zəngin tarixə malik daha bir qədim yaşayış məskənində - Lahıc qəsəbəsində olublar.
 
Təlimə rəhbərlik edən Fondun mətbuat katibi Ceyhun Musayevin koordinatorluğu ilə gerçəkləşən səfərdə jurnalist ixtisası üzrə təhsil alan tələbələrə nəzəriyyədən öyrəndiklərini təcrübədə tətbiq etmək imkanları yaradılıb.
 
Turun rəhbəri Vəli Vəliyev RR Travel MMC-nin dəstəyi ilə reallaşan ekskursiya boyu marşrutun keçdiyi yerlər, o cümlədən proqrama daxil olan hər iki Dövlət Tarix-Mədəniyyət Qoruğu barədə iştirakçılara ətraflı məlumatlar verib.
 
Öncə Lahıc qəsəbəsində olan tələbə jurnalistlər burada Turizm İnformasiya Mərkəzinin direktoru Dadaş Əliyevdən müsahibə alıblar. D.Əliyev tarixi yerləri qonaqlara göstərərək, hər bir məkan barədə maraqlı bilgilər söyləyib. Tələbələr onun məlumatları əsasında misgərlər, dülgərlər, xalçaçılar, zərgərlər, nalbəndlər papaqçılar, çəkmə və çarıq tikənlərlə ünsiyyət qurub, şəcərə xarakteri daşıyan sənətkarlığın qədim kökləri, məziyyəti, indiki durumu haqqında qeydlər götürüb, Lahıc Tarix-Diyarşünaslıq Muzeyindəki zəngin tarixi eksponatlarlarla tanış olub, qəsəbənin küçələri, evləri, bulaqları, təbiəti, xeyriyyəçi insanları, məşhur ictimai xadimləri barədə bilgilər əldə ediblər.
 
Lahıcdan Basqala gələn gəncləri İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının qəsəbə üzrə nümayəndəsi Novruz Əsədov qarşılayıb. Dövlət Tarix-Mədəniyyət Qoruğu haqqında ümumi məlumat alan ekskursiya iştirakçıları qəsəbəni gəzərək, yerli sakinlərdən Prezidentin imzaladığı Sərəncamda adı çəkilən qədim məhəllələr, istehkamlar, məscidlər, bulaqlar, mülklər barədə məlumatlar alıb, qədim çinar ağacının, ipəkçilik mədəniyyətinin tarixini və özəlliklərini daha dərindən öyrənməyə səy göstəriblər.
 
Qəsəbədə Azərbaycan “İnkişaf” Elm Mərkəzinin təşəbbüsü və Yaponiya səfirliyinin maliyyə yardımı ilə “Kəlağayı” İpək Mərkəzi yaradılıb. Tələbələr həmin Mərkəzdə olub, Basqala dünyada xüsusi şöhrət qazandıran milli ipək növləri haqqında faktlar toplayıblar. Bildirilib ki, əvvəllər Basqalda hər evdə ipəkəyirən qədim dəzgahlar var idi. Boyaçılıq, toxuculuq, ipəkçilik nəsildən-nəslə keçib. Azərbaycan xalq yaradıcılığı nümunəsi sayılan kəlağayı qadın geyiminin əsas atributlarındandır. Qızlar, orta və yaşlı qadınlar üçün kəlağayılar fərqli formalarda hazırlanır. “Örpək”, “gənc, “çalma” yaşlı qadınlar tərəfindən kəlağayıya qoyulan addır. Hazırda müxtəlif rəng çalarında hazırlanan kəlağayılar daha qiymətli növ sayılır.
 
Sakinlərlə söhbət zamanı onlar məlum Sərəncamda Prezidentin Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə verdiyi tapşırıqdan məmnun qaldıqlarını vurğlayıblar.
 
“Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yaranmış vəziyyətin araşdırılmasının nəticələri haqqında ətraflı arayışın, tarixi məkanın uzunmüddətli qorunması, konservasiyası, bərpası ilə bağlı konsepsiya və fəaliyyət proqramı layihələrinin hazırlanması, Qoruğun idarə edilməsinin beynəlxalq standartların tələblərinə uyğun qurulması ilə bağlı göstərişlər sakinlər tərəfindən ruh yüksəkliyi ilə qarşılanıb.
 
Səfərdən böyük təəssüratlarla qayıdan Fondun “Gənc jurnalistlər” Klubunun üzvləri öyrəndikləri, gördükləri, araşdırdıqları mövzular ətrafında dövrü mətbuatda jurnalistikanın müxtəlif janrları üzrə yazılarla çıxış edəcəklər.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 22.10.2018

Son xəbərlər