Daşkəsəndə “Zaman və lider” filminin nümayişi olub


Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Daşkəsən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Rayon Heydər Əliyev Mərkəzində “Müasir Azərbaycan dövlətinin banisi” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə yerli ictimaiyyət nümayəndələri – ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.
 
Tədbiri Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçisi Elmar Əliyev açaraq, Ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanda yaranan stabillik, xalqın dövlətə inamı, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi barədə məlumat verib.
 
Bilik Fondunun Daşkəsən rayonu üzrə nümayəndəsi Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli tam orta məktəbin direktoru Aybəniz Vəliyeva Ulu Öndər Heydər Əliyevin banisi olduğu Azərbaycançılıq ideologiyasının və möhtərəm Prezident cənab İlham Əliyevin apardığı uğurlu dövlət siyasətinin prioritet istiqamətlərinin mahiyyətinin əhaliyə çatdırılması üçün Fondun apardığı maarifləndirici işlərin əhəmiyyətindən bəhs edib.
 
Rayon Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova isə qeyd edib ki, Azərbaycan xalqının Ümummilli liderinin həyat və fəaliyyətinin öyrənilməsi, irsinin yaşadılması və gənc nəslə çatdırılması Mərkəzin əsas fəaliyyət istiqamətini təşkil edir. O bildirib ki, istər sovet, istərsə də müstəqillik illərində hakimiyyətdə olduğu dövrdə Azərbaycanın inkişafı Heydər Əliyev üçün əsas məsələlərdən biri olub. Bu gün müasir Azərbaycan dünyada nümunəvi ölkə kimi tanınır.
 
Fondun Lektorlar Qrupunun üzvü tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov “Müasir Azərbaycan dövlətinin banisi” mövzusunda mühazirə ilə çıxış edərək müasir Azərbaycan tarixində, dövlətçiliyimizin qorunub saxlanmasında və Azərbaycanın beynəlxalq aləmdə tanıdılmasında Ümummilli liderin xidmətləri barədə ətraflı məlumat verib, Heydər Əliyev irsinin gənclər tərəfindən öyrənilməsinin zəruriliyini vurğulayıb.
 
Sonda Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən “Zaman və Lider” sənədli filmi nümayiş olunub.
 
Azərbaycan Respublikası Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 20.10.2018

Son xəbərlər