Bilik Fondu Siyəzən və Şabranda maarifləndirici görüşlər keçirib


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu oktyabrın 24-25-də Siyəzən və Şabranda silsilə maarifləndirici tədbirlər keçirib.
 
Tədbirlərdə Bilik Fondunun mühazirəçiləri – Bakı Dövlət Universitetinin (BDU) kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərli, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Cahangir Cahangirli, BDU-nun baş müəllimi Elşən Aslanov, Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla, Azərbaycan Yazıçılar Birliyinin Şabran filialının sədri, şair-publisit Aydın Tağıyev, Fondun Şabran rayonu üzrə nümayəndəsi Fikrət Şamxalov və Siyəzən rayonu üzrə nümayəndəsi Samir Baxşıyevin məruzələri, yerli ictimaiyyətin, icra orqanları nümayəndələrinin çıxışları dinlənilib.
 
Şabran Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində Bilik Fondu, AMEA Tarix İnstitutu və İcra Hakimiyyətinin birgə keçirdiyi tədbiri xatırladaraq, belə maarifləndirici görüşlərin əhəmiyyətini qeyd edib. N.Novruzov ölkə rəhbərliyinin əhalinin elmi-praktik biliklərinin, mədəni səviyyəsinin yüksəldilməsinə daim diqqət və qayğı göstərdiyini vurğulayıb, Bilik Fondu ilə birgə tədbirlərin keçirilməsinə dəstək verməyə hər zaman hazır olduğunu bildirib.
 
Professor Anar İsgəndərli "Cümhuriyyət ideyalarına sədaqət Ümummilli lider Heydər Əliyevin siyasətində" mövzusunda mühazirə ilə çıxış edib. Tarixçi alim Şərqdə ilk müstəqil dövlətin yarandığı siyasi şəraitə, Cümhuriyyət qurucularının dövlətçiliyin ideyalarına, onların demokratik dəyərlərə söykənərək tətbiq etdikləri idarəetmə mexanizmlərinə müxtəlif prizmalardan aydınlıq gətirib. Professor bugünkü müstəqil Azərbaycanın qurulmasında Ümummilli lider Heydər Əliyevin Cümhuriyyət ideyalarına sadiq siyasətinin mühüm rol oynadığını diqqətə çatdırıb.
 
Fondun yerli nümayəndəsi F.Şamxalova Bilik Fondunun “Təşəkkürnamə”si təqdim edilib. Şabran Rayon Mərkəzi kitabxanasında, şəhər T.Abbasov adına 1 nömrəli tam orta məktəbdə yeniyetmə və gənclər alimlərlə keçirilən görüşlərdən məmnunluqlarını dilə gətiriblər.
 
Siyəzən Gənclər Mərkəzində Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Təhminə Bəxtiyarova Ulu öndər Heydər Əliyevin şərəfli ömür yolunun, siyasi irsinin öyrənilməsinin gənc nəslin təlim tərbiyəsində, azərbaycançılıq məfkurəsinin möhkəmlənməsində önəmini qeyd edib. Bildirilib ki, Bilik Fondu ilə birgə təşkil olunan maarifləndirici tədbirlərin davamlı olması üçün rayon rəhbərliyi hər zaman dəstək göstərməyə hazırdır. İcra aparatının baş məsləhətçisi Elvin Kərimov dinləyicilərin fəallığını yerli əhalinin belə maarifləndirici tədbirlərə marağının ifadəsi kimi dəyərləndirib.
 
Prezident İlham Əliyevin “Bizim gənclərimiz bilikli, savadlı olmalıdırlar ki, həyatda özlərinə layiqli yer tutsunlar və eyni zamanda, ölkəmizin ümumi inkişafına da töhfələrini versinlər. Bilikli, savadlı cəmiyyətdə heç bir xoşagəlməz təsirin əhəmiyyəti olmayacaqdır...” fikrini xatırladan Bilik Fondunun sektor müdiri H.Abdulla bu istiqamətdə respublikamızın bütün regionlarında ardıcıl tədbirlərin keçirildiyini bildirib.
 
Çıxışlarda Azərbaycan Prezidenti İlham Əliyevin Siyəzən və Şabrana səfərlərinin bölgənin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə, işsizliyin aradan qaldırılmasına təkan verdiyi qeyd edilib.
 
Siyəzən rayonu R.Abdulrəhimov adına Gilgilçay qəsəbə tam orta məktəbində Cahangir Cahangirlinin “Ulu öndər Heydər Əliyevin şah əsəri müstəqil Azərbaycandır” mövzusunda, Mərkəzi Kitabxanada Hacı Abdullanın “Cümhuriyyətimizin 100 ili” mövzusunda mühazirələri dinlənilib. Görüşlərdə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyəti İli” elan edilməsi tarixi keçmişimizə hörmət və ehtiramın, işıqlı gələcəyimizə aydın münasibətin təzahürü kimi qiymətləndirilib.
 
Hər iki rayonda keçirilən tədbirlərdə ictimaiyyət nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb. Bilik Fondunun maarifçilik fəaliyyətinin genişləndirilməsi – yerli icra strukturları, təhsil, mədəniyyət, gənclər təşkilatları ilə davamlı, sıx əlaqələrin qurulması məqsədi ilə təklif və tövsiyələr müzakirə olunub. Fondun nəşri olan kitablar təhsil, mədəniyyət evlərinə, kitabxanalara təqdim edilib.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 26.10.2018

Son xəbərlər