Bilik Fondunun yerli nümayəndələri Gədəbəy və Samuxda tədbirlər təşkil etdilər


9-10 noyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “İl boyu bilik” proqramı çərçivəsində Dövlət Bayrağı Günü münasibətilə Gədəbəy və Samux rayonlarında tədbirlər keçirilib. Tədbirlərdə yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Allahverdiyeva Zəhmət kənd tam orta məktəbində gerçəkləşən tədbiri açaraq, maarifləndirici layihələrin effektiv nəticələrindən danışıb, sakinlərin belə görüşlərə minnətdarlıq hissi ilə qatıldıqlarını bildirib.

Fondun yerli nümayəndəsi Murad Bayramov bölgədə yaşayan sakinlərin irəli sürdüyü sosial sifarişlər əsasında rayonun digər müəssisə və təşkilatlarında da mütəmadi tədbirlərin təşkilinə dəstək verməyə hazır olduqlarını deyib.

Bilik Fondunun baş məsləhətçisi Almaz Axundova “Dövlət rəmzləri, onların mahiyyəti və tərbiyəvi əhəmiyyəti” mövzusunda mühazirə ilə çıxış edib. Bildirib ki, dövlət rəmzləri özündə azərbaycançılıq məfkurəsini yaşadaraq, xalqın tarixi keçmişindən gələcəyə istiqamətlənən özünəməxsusluğunu əks etdirir. Dövlət bayrağı milli azadlığı, istiqlal ideyalarını, bəşər sivilizasiyasında xalqın, dövlətin yerini və rolunu təcəssüm etdirir.

Fondun aparıcı məsləhətçisi Sevinc Məmmədova təmsilçisi olduğu qurumun beynəlxalq layihələrindən söz açıb. O, “Azərbaycan elmi dünyada”, “Dünya elmi Azərbaycanda” layihələri barədə məlumat verərək, xarici əlaqələrin genişləndiyini faktlara əsasən diqqətə çatdırıb, mövzu üzrə təqdimat video-çarxını nümayiş etdirib.

Növbəti gün tədbir Samux şəhər 3 nömrəli tam orta məktəbdə keçirilib. Fondun rayon üzrə nümayəndəsi Nuridə Həsənovanın açılış nitqindən sonra A.Axundova “Dövlət bayrağımızın elementləri və dövlətçilik mədəniyyətimizin yaşayan izləri” mövzusunda çıxış edib. O, geniş əhali kütləsinə dövlət rəmzlərinin mənasının elmi və fəlsəfi aspektdən izah olunmasının vacibliyinə toxunaraq, tarixin dərindən öyrənilməsi, mədəniyyətin təbliği baxımından belə maarifləndirici tədbirlərin üstünlüyünü qeyd edib.

Tədbirlər iştirakçıların müzakirələri ilə yekunlaşıb.


Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuta xidməti

Tarix: 10.11.2018

Son xəbərlər