Bilik evlərində Beynəlxalq Tolerantlıq Gününə həsr edilən tədbirlər oldu


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun bölgələrdə fəaliyyət göstərən Bilik evləri "İl boyu bilik" proqramı çərçivəsində 16 noyabr – Beynəlxalq Tolerantlıq Gününə həsr olunan tədbirlər təşkil edib.
 
Ağstafa Regional Bilik Evinin təşkilatçılğı ilə Ş.Əliyev adına Qırılı kənd tam orta məktəbində "dəyirmi masa" keçirilib. Bilik Evinin müdiri Leyla İsayeva təhsil ocağının müəllim və şagird kollektivinin, yerli ziyalıların iştirakı ilə gerçəkləşən tədbiri açaraq, Fondun maarifləndirici layihələri barədə ətraflı məlumat verib.
 
Məktəbin direktoru Gültəkin İsmaylova çıxışında Azərbaycanın hazırda bütün dünyada tolerantlıq örnəyi kimi tanındığını deyib və əlavə edib ki, Ulu öndər Heydər Əliyevin tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər ölkəmizi müxtəlif milli və mədəni dəyərlərin qovuşduğu mərkəzə çevirib, hazırda müxtəlif millətlərin və xalqların nümayəndələri bir ailə kimi yaşayırlar.
 
Qax Bilik Evində təşkil olunan tədbirdə rayon məktəblərində təhsil alan müxtəlif xalqların nümayəndələri iştirak ediblər. Bilik Evinin müdiri Rövşən Hədisov tolerantlıq anlayışı, tarixən Azərbaycan ərazisində mövcud olan birgəyaşayış qaydaları barədə ətraflı məlumat verib. Vurğulayıb ki, ölkəmizdə bütün dinlərə və fərqli mədəniyyətlərin daşıyıcılarına böyük diqqət və qayğı göstərilir. Azərbaycanda milli, irqi və dini zəmində münaqişələrin olmaması buna əyani sübutdur.
 
Ağsu Bilik Evində isə Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədovun “Tolerantlıq mənəvi dəyər kimi” mövzusunda mühazirəsi təşkil edilib. Tədbirdə Ağsu rayon ictimaiyyətinin nümayəndələri, Dini İşlər üzrə Komissiyanın təmsilçiləri, yerli ziyalılar iştirak ediblər.
 
N.Məmmədov Azərbaycanın coğrafi mövqeyi, əhalinin etnik tərkibi, ərazidə mövcud olan müxtəlif dinlər barədə ətraflı məlumat verib, ölkəmizin dünyada tolerantlıq nümunəsi olduğunu bildirib.
 
Ağdaş Bilik Evi də rayon ziyalılarını, Bilik evinin kurs dinləyiciləri və dərnək üzvlərini, yerli gəncləri “dəyirmi masa” ətrafına toplayıb. Rayonun Heydər Əliyev Mərkəzinin direktoru Tənzilə Şıxıyeva tədbiri açaraq qeyd edib ki, tolerantlıq özü mənəvi dəyərdir və xalqımız bu dəyəri yetərincə təbliğ etməyi bacarır. Bilik Evinin təlimçisi Turanə Şıxəliyeva, Mərkəzin əməkdaşı Ülviyyə Alıyeva da mövzu ətrafında çıxış edib, iştirakçılarla fikir mübadiləsi aparıblar.
 
“Dəyirmi masa”lar iştirakçıların fikir mübadiləsi ilə yekunlaşıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 16.11.2018

Son xəbərlər