Oleq Kuznetsov Gəncə və Şəmkirdə ziyalılarla görüşdü


15-16 noyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Fondun Lektorlar Qrupunun üzvü, Rusiyanın tanınmış tədqiqatçısı, tarixçi və siyasi təhlilçisi Oleq Kuznetsovun bölgələrdə yerli əhali ilə silsilə görüşləri keçirilib.

"Erməni millətçiliyi ilə alman nasizmi arasında ideoloji bağlantı" mövzusunda keçirilən tədbir Gəncə şəhərində fəaliyət göstərən Azərbaycan Dövlət Aqrar Univeristetində gerçəkləşib. Univeristetin tərbiyə işləri üzrə prorektoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aidə Qasımova tədbiri açaraq, tələbə və müəllim heyətinə rusiyalı alimin “XX əsrdə transmilli ermәni terrorunun tarixi” kitabı barədə məlumat verib.

Tədbirdə Fondun baş məsləhətçisi Almaz Axundova, Gəncə şəhəri üzrə nümayəndəsi Günay Əliyeva və İcra Hakimiyyətinin əməkdaşı Yadigar Bədəlov iştirak ediblər.

Növbəti gün eyni mövzuda tədbir Şəmkir rayon Gənclər Mərkəzində olub. Fondun baş məsləhətçisi A.Axundova qonağı yerli ziyalılara təqdim edib. İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ruhid Hacıyev, baş məsləhətçi Pərviz İbrahimov çıxış edərək, bu görüşə görə rusiyalı alimə minnətdarlıqlarını bildiriblər.

Hər iki tədbirdə mühazirə ilə çıxış edən O.Kuznetsov iştirakçılara Qareqin Njdenin “tseqakron” təliminin nasist və hətta irqçi xarakter daşıdığını təsdiqləyən sənədlər haqqında məlumat verərək, Ermənistan SSR Dövlət Siyasi İdarəsinin sədri, I dərəcəli dövlət təhlükəsizliyi komissarı Armenak Abulyanın 1933-cü ildə tərtib etdiyi analitik qeydlərdən danışıb.

Rusiyalı alim bu tarix boyu ermənilərin nasizm ideologiyasının azərbaycanlılarla yanaşı, müxtəlif xalqlara qarşı həyata keçirildiyini faktlarla diqqətə çatdırıb. Bildirib ki, “Erməni millətçiliyi və onun daşıyıcısı “Daşnaksütun” partiyası 1930-cu illərin ortalarınadək SSRİ dövlət təhlükəsizliyi orqanları tərəfindən ideoloji düşmən kimi qəbul edilib. Hələ o zaman daşnaklar nəzarət altında saxlanılırdı, daha fəal üzvlər isə hətta sürgün edilirdilər”.

Mühazirələrdən sonra rusiyalı alim tədbir iştirakçılarını maraqlandıran sualları ətraflı cavablandırıb.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti

Tarix: 16.11.2018

Son xəbərlər