Bilik Fondu “Uşaq hüquqları aylığı” çərçivəsində balaca Zəhranın məzarını ziyarət etdi


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə 2018-ci ilin 20 oktyabr tarixindən 20 noyabr tarixinədək keçirilən “Uşaq hüquqları aylığı” çərçivəsində maarifləndirici xeyriyyə tədbiri keçirib.

Tədbir çərçivəsində Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini Reyhan Ocaqova, Fondun baş məsləhətçisi Ceyhun Musayev və aparıcı məsləhətçi Elvin Hətəmovun iştirakı ilə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyan Saatlı məktəbliləri Fizuliyə yola düşüblər. Qonaqları bu rayonda İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Gülbahar Eyvazova və Fondun Füzuli rayonu üzrə nümayəndəsi, Horadiz şəhər T.Mehdiyev adına 2 nömrəli tam orta məktəbin direktoru Ləman Əliyeva qarşılayıblar. Məktəblilər Fondun Saatlı rayonu üzrə nümayəndəsi, Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsləhətçi-psixoloqu Mehriban Ağayevanın təşəbbüsü ilə “Zəhra faciəsi - başlamadan bitən ömür” devizi altında ötən ilin 4 iyul tarixində Füzuli rayonu Alxanlı qəsəbəsinin erməni qəsbkarları tərəfindən qətlə yetirilmiş 2 yaşlı sakini Zəhra Quliyevanın və nənəsi Sahibə Quliyevanın məzarlarını ziyarət edib və onun ailəsi ilə görüşüblər.

Səfər çərçivəsində Saatlı rayonu Hacıqasımlı kənd tam orta məktəbində təhsil alan şagirdlərlə Füzuli rayonu Alxanlı kənd tam orta məktəbinin şagirdləri arasında “Qardaşlaşma sazişi” imzalanıb.

Rayon İcra Hakimiyyəti şöbə müdirinin müavini Qabil Əliyev tədbiri açaraq, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə aldıqlarını, imzaladıqları sazişdə əksini tapan tövsiyə və tapşırıqlara həvəslə əməl edəcəklərinə əmin olduğunu bildirib. Rayon Təhsil Şöbəsinin müdir müavini Rafiq Səmədov, Alxanlı kənd tam orta məktəbinin direktor müavini Pənah Hüseynov çıxış edərək Bilik Fondunun maarifləndirici layihələrini mütəmadi izlədiklərini və gənclərin hərtərəfli inkişafında bu layihələrin rolunu vurğulayıblar.

Fondun mətbuat katibi Ceyhun Musayev Azərbaycanın bütün sahələrdə işğalçı Ermənistandan güclü olduğunu, hər bir vətəndaşın torpaqlarımızın işğaldan azad ediləcəyinə əmin olduğunu diqqətə çatdırıb. Bildirib ki, Zəhranı, sərhədyanı bölgələrdə yüzlərlə dinc sakini qətlə yetirən qəsbkarlar tezliklə cəzalarını alacaqlar.

Aprel döyüşlərində ordumuzun göstərdiyi şücaət nəticəsində torpaqlarımızın bir qisminin işğaldan azad olunması böyük qələbənin qazanılacağı günün uzaqda olmadığını bir daha təsdiqləyib. Fondun ümumilikdə 65 məktəbi qardaşlaşdırdığını vurğulayan C.Musayev məktəbliləri bir-biri ilə daim ünsiyyətdə olmağa, bilik mübadiləsi aparmağa, dövlətə sədaqət, vətənə sevgi hissi ilə yaşamağa çağırıb.

Füzuli Rayon Təhsil Şöbəsinin müdir müavini Rafiq Səmədov, Rayon İcra Hakimiyyəti şöbə müdirinin müavini Qabil Əliyevin müşayiəti ilə Saatlı məktəbliləri Tarix-Diyarşünaşlıq Muzeyi, Qəhrəmanlar Parkı, Bayraq Meydanı ilə tanış olub, Xocalı faciəsi, 31 mart – azərbaycanlıların soyqırımı qurbanlarının, Aprel şəhidlərinin xatirəsinə ucaldılan abidələri ziyarət ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti

Tarix: 20.11.2018

Son xəbərlər