Bilik Fondu Tovuzdakı lisey və kollecdə görüşlər təşkil etdi


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “İl boyu bilik” proqramı üzrə Tovuz şəhər N.Tusi adına Təbiət və texniki fənlər təmayüllü məktəb-lisey və Tovuz Dövlət Sosial İqtisad Kollecində şagird, tələbə, müəllim kollektivinin iştirakı ilə tədbirlər təşkil edib.
 
İlk tədbir məktəb-liseydə gerçəkləşib. Təhsil ocağının direktoru Valeh Əhmədov giriş nitqində dövlətin yürütdüyü gənclər siyasəti barədə danışaraq, müasir dünyanın tələblərinə cavab verəcək səviyyədə təhsil almağın vacibliyini şagirdlərin diqqətinə çatdırıb.
 
Fondun yerli nümayəndəsi Namiq Əliyev bölgədə yaşayan sakinlərin irəli sürdüyü sosial sifarişlər əsasında rayonun digər müəssisə və təşkilatlarında da mütəmadi tədbirlərin təşkilinə dəstək verməyə hazır olduqlarını deyib. Bildirib ki, maarifləndirici tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayır.
 
Tədbirdə Fondun məsləhətçisi Sevinc Babayeva “Bilik Fondunun maarifçilik fəaliyyəti” mövzusunda mühazirə ilə çıxış edib.
 
Kollecdə keçirilən tədbiri təhsil müəssisəsinin tədris işləri üzrə direktor müavini Nuranə Ələkbərova açaraq, ölkəmizdə dövlət gənclər siyasətinin Ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu, hazırda bu siyasətin Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
 
Kollecin Tələbə Gənclər Təşkilatının sədri Xəyal Əhmədov Bilik Fondunun fəaliyyətini yaxından izlədiklərini deyib, layihələrə daha yaxından cəlb olunmaq arzularını dilə gətirib.
 
Fondun məsləhətçisi S.Babayeva mühazirəsində təmsil etdiyi qurumun Ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsinə, banisi olduğu azərbaycançılıq məfkurəsinin geniş təbliğinə, dövlət siyasətinin, ictimai-siyasi və sosial-iqtisadi həyatda baş verən hadisələrin mahiyyətinin açıqlanması və əhalinin bütün təbəqələrinə çatdırılmasına xüsusi önəm verdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
 
Tədbirlərdə iştirakçıların sualları cavablandırılıb, auditoriyaya Fondun fəaliyyətini əks etdirən videoçarx təqdim edilib.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 06.12.2018

Son xəbərlər