Bilik evlərində Fənlərin Dostluğu Olimpiadası keçirildi


Dekabrın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Odlar Yurdu Universiteti, Hədəf STEM Liseyinin təşkilatçılığı ilə paytaxtda və bölgələrdə IX Fənlərin Dostluğu Olimpiadasının növbəti mərhələsi keçirilib.
 
31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan Olimpiadada Bakı, Sumqayıt, Xırdalan şəhərləri ilə yanaşı, Qax, Oğuz, İsmayıllı, Ağsu, Ağdaş, Astara, Tərtər, Şəmkir, Ağstafa rayonlarında və Nardaran qəsəbəsində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində təhsil alan 9-cu və 10-cu sinif şagirdləri iştirak ediblər.
 
Adları çəkilən rayonlarda gerçəkləşən imtahanlar Bilik Fondunun həmin bölgələrdə fəaliyyət göstərən yerli və regional Bilik evlərinin təşkilatçılığı, icra hakimiyyətlərinin dəstəyi ilə baş tutub.
 
İmtahanlar Qax rayon 4 nömrəli, Oğuz rayon E.Abdullayev adına 2 nömrəli, İsmayıllı şəhər 5 nömrəli, Ağsu şəhər 3 nömrəli, Tərtər rayon 2 nömrəli, Şəmkir şəhər Əhməd Cavad adına, Ağstafa şəhrər 1 nömrəli, Nardaran qəsəbəsi 295 nömrəli tam orta məktəblərdə, Ağdaş rayonu Maqsud Şeyxzadə adına texniki humanitar fənlər üzrə gimnaziyada, Asatara Heydər Əliyev Mərkəzində keçirilib.
 
Bilik evlərinin çağırışı ilə 800-ə yaxın şagirdin qatıldığı respublika olimpiadasında sualları ümumilikdə 2 mindən çox şagird cavablandırıb.
 
Üç mərhələdən ibarət olan olimpiadanın birinci mərhələsində şagirdlər elektron qaydada qeydiyyata alınıblar. Sonuncu mərhələdə qaliblərin mükafatlandırılması mərasimi keçiriləcək.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 17.12.2018

Son xəbərlər