İsmayıllıda “Basatın Təpəgözü öldürdüyü boy” kitabının təqdimatı oldu


İsmayıllı Uşaq Kitabxanasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən nəşr olunan “Basatın Təpəgözü öldürdüyü boy” kitabının təqdimatı keçirilib. Xatırladaq ki, görkəmli alman şərqşünası və diplomatı Henrix Fridrix fon Dits Azərbaycanın epik dastanı “Kitabi-Dədə Qorqud”un bu hekayətini 1815-ci ildə alman dilinə tərcümə edərək yazdığı ön sözlə birlikdə Berlində kitab şəklində çap etdirib.

AZƏRTAC xəbər verir ki, bu kitab 25 dilə tərcümə olunaraq nəşr edilib və oxucular tərəfindən böyük maraqla qarşılanıb.

Təqdimat mərasimində rayon icra hakimiyyətinin məsul işçisi Gülnarə Mirzəliyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun ölkədaxili layihələr sektorunun rəhbəri Hacı Nərimanoğlu, Fondun İsmayıllı rayonu üzrə nümayəndəsi Elçin Məmmədov və başqaları çıxış edərək xalqımızın mədəni sərvətlər xəzinəsinin incilərindən olan və əsrlərdən bəri milli mənəvi varlığımızın ayrılmaz tərkib hissəsinə çevrilən “Kitabi-Dədə Qorqud” dastanının bu gün dünya elm aləmində özünəməxsus yer tutduğunu, qorqudşünaslığın artıq ayrıca bir sahə kimi formalaşdırıldığını diqqətə çatdırıblar. Vurğulanıb ki, 2000-ci ildə “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin UNESCO xətti ilə beynəlxalq səviyyədə təntənə ilə qeyd olunması, Prezident İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında Sərəncamı bu folklor incisinin tədqiqində və dünya elm aləminə tanıdılmasında xüsusi rol oynayıb.

Çıxışlarda dastanının dünya epos düşüncəsində bir nümunə olduğu vurğulanaraq, onun Azərbaycan xalqına məxsusluğu və dövlət səviyyəsində ilk dəfə qeyd edilməsinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğu bildirilib.

Təqdimat mərasiminin sonunda kitablar kitabxanaya hədiyyə edilib.

Tarix: 20.05.2016

Son xəbərlər