Bilik Fondu İsmayıllıda keçirilən elmi konfransda


İsmayıllı rayonu inzibati vahid kimi 1931-ci il noyabrın 24-də təşkil olunub. 85 ildir ki, bu bölgə ölkəmizin sosial-iqtisadi həyatında fəal iştirak edir, elm, mədəniyyət, ədəbiyyat, təhsil sahəsindəki yetirmələri ilə tanınır.

AZƏRTAC xəbər verir ki, bu faktlar rayon icra hakimiyyəti və İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin birgə təşkil etdikləri elmi konfransda səsləndirilib.

“Qala” sarayında keçirilən elmi konfransı giriş sözü ilə kollecin direktor əvəzi, tədbirin moderatoru Sevda Qasımova açıb. Rayon icra hakimiyyətinin başçısı, Əməkdar Elm Xadimi Mirdaməd Sadıqov “İsmayıllı 85 ildə” mövzusunda məruzə edib. Məruzədə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rayonun ictimai-siyasi həyatında mühüm mərhələlər təşkil edən səfərlərindən ətraflı bəhs edilib. Qeyd olunub ki, bölgənin əhalisi əməksevərliyi, vətənpətvərliyi, milli-mənəvi dəyərlərə və dövlətçilıyə sədaqəti, ictimai fəallığı ilə seçilir.

Diqqətə çatdırılıb ki, bölgənin 85 illiyinə həsr olunan kitabın nəşrinə hazırlıq görülür. Gənclərin rayonun tarixi yerlərinə, yaşayış məskənlərinə səfərləri, tarixi öyrənmələri sistemli hal alır.

Tarix elmləri doktoru, professor Qafar Cəbiyev İsmayıllının yaxın və uzaq tarixi, bölgədə baş verən tarixi proseslər barədə danışıb.

Elmi konfransda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini Kübra Əliyeva, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiya üzrə direktor müavini Həbibə Əliyeva, Azərbaycan Texniki Universiteti İctimai fənlər kafedrasının müdiri Şikar Qasımov, Əməkdar İncəsənət Xadimi, şair Baba Vəziroğlu, “Miras” Mədəni İrsin öyrənilməsinə kömək İctimai Birliyinin sədri Fariz Xəlili, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşı Hacı Nəriman oğlu, jurnalist İntiqam Mehdizadə, veteran jurnalist Valeh Salehov və başqaları çıxış edərək rayonun tarixi, sosial-iqtisadi və ictimai-mədəni həyatı barədə bilgilər veriblər. İsmayıllının 85 illik tarixinin müxtəlif mərhələlərinə toxunan natiqlər onun müasir həyatına xüsusi diqqət yetiriblər. Qeyd edilib ki, Prezident İlham Əliyevin qayğısı sayəsində İsmayıllı gələcəkdə daha firavan həyatını yaşayacaq.

Plenar iclasdan sonra konfrans işini üç bölmədə - “İqtisadiyyat, ekologiya və turizm”, ”Mədəniyyət və filologiya”, ”Tarix, etnoqrafiya, sosiologiya və din” mövzularında davam etdirib.

Sonda rayon musiqiçiləri rəngarəng konsert proqramı ilə çıxış ediblər.

http://azertag.az/xeber/953440

 

Tarix: 21.05.2016

Son xəbərlər