Şamaxıda Sabirin 154-cü ildönümü qeyd edildi


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Şamaxıda yerləşən Sabir ev-muzeyinin birgə təşkilatçılığı ilə böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabirin anadan olmasının 154-cü ildönümü münasibəti ilə “Sabir dövrünə səyahət” adlı açıq dərs keçirilib. 

1962-ci ildə şairin anadan olmasının 100 illiyi ilə əlaqədar yaradılmış ev-muzeyində təşkil olunan dərsdə Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbin şagird və müəllim kollektivi iştirak edib. Məktəblilər böyük şairin həyat və yaradıcılığı ilə yaxından tanış olublar, şeirlərindən ibarət kompozisiyaları təqdim ediblər. 
Muzeydə 600-ə yaxın eksponat qorunub saxlanılır. Sabirə aid eksponatlar, böyük şair və mütəfəkkir Seyid Əzim Şirvaninin ona bağışladığı Nizaminin “Sirlər xəzinəsi” kitabı, güzgü, cüzdan və digər məişət əşyaları məktəblilərdə böyük maraq doğurub.

Muzeyin yerləşdiyi hazırkı ikimərtəbəli bina 1979-cu ildə istifadəyə verilib. Şagirdlər muzeyin 6 sərgi salonunda olublar. Birinci sərgi salonunda M.Ə.Sabirin uşaqlıq, təhsil illərinə, səyahətlərinə aid eksponatlar və şairin sabun bişirdiyi qazanın maketi nümayiş olunur. Digər salonlarda məktəblilər XIX – XX əsrlərə aid məişət əşyalarını, muzeyə verilən hədiyyələri, M.Ə.Sabirin müasirlərinin şəkillərini, tədqiqatçıların əsərlərini, “Molla Nəsrəddin” jurnalının nümunələrini görüblər.

Azərbaycan Respublikasının Prezidenti yanında 
Bilik Fondunun İnformasiya təminatı sektoru

Tarix: 01.06.2016

Son xəbərlər