Qax və Oğuz Bilik evlərində imtahan keçirildi


İki bölgədə “Multikulturalizm” jurnalının təqdimatı oldu

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Qax və Oğuz rayonlarındakı Bilik evlərində “İngilis dili”, “Rus dili” və “Kompüter texnologiyaları və kargüzarlıq işi” üzrə təlim kurslarında buraxılış imtahanları aparılıb.

Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdullanın rəhbərlik etdiyi və mütəxəssislərin cəlb olunduğu imtahan komissiyası kurs iştirakçılarınınm biliklərini müsahibə, fərdi tapşırıq, tərcümə işi, test tapşırıqları ilə yoxlayıb. 
2015-ci ilin oktyabrından fəaliyyət göstərən Qax və Oğuzdakı Bilik evlərində 73 nəfər təlim keçib, növbəti kurslara yazılmaq üçün indiyədək 100-dən çox gənc müraciət edib. İstisnasız olaraq bütün dinləyicilərin iştirak etdiyi imtahanların nəticələri öyrənildikdən sonra nəticələri məqbul hesab edilən məzunlara 15 sentyabr Bilik günündə Bilik Fondunun serifikatları təqdim olunacaq.

Prosesi ictimaiyyət nümayəndələri də izləyiblər. Qax rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Mahir Əfəndi, Oğuz Rayon İcra Hakimiyyətinin yeniyetmələrlə iş üzrə komissiyasının sədri, bölgənin tarix və etnoqrafiyasının tanınmış tədqiqatçısı Yusif Rzayev ali təhsildən kənarda qalmış, eləcə də işsiz gənclər üçün ödənişsiz kursların təşkilini nəcib təşəbbüs adlandırıblar və bildiriblər ki, Fondun maarifləndirmə xarakterli layihələri yerlərdə razılıqla qarşılanır.

Müdavimlər kurslarda peşəkar müəllimlərdən öyrəndiklərinin təcrübədə tətbiqinə imkanlar yaradılmasını, rus, ingilis dillərini, komputer biliklərini daha üstün səviyyədə mənimsəmək üçün təlimlərin yeni proqramda aparılmasını Fond rəhbərliyindən xahiş ediblər. 

Xüsusən də xarici dillərdə danışıq kurslarına ehtiyacları olduqlarını deyiblər. 

Təlimçi müəllimlər və müdavimlər məşğələlərdən əlavə Bilik evlərində çox sayda tanınmış alim, yazar, ictimai xadimlə yaddaqalan görüşlərin, mühazirə və tədbirlərin keçirildiyini qeyd ediblər, yaradılan rahat şəraitə, ardıcıl diqqət və qayğıya görə Biik Fonduna minnətdarlıqlarını bildiriblər. 

İmtahan günləri məzunların mədəni tədbirləri ilə başa çatıb, xatirə fotoları çəkilib.

Qax və Oğuz rayonlarındakı Bilik evlərində “Multikulturalizm” jurnalının ilk nömrəsinin təqdimatı da olub. H.Abdulla jurnalın Azərbaycan Respublikası Prezidentinin 2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilməsinə dair Tədbirlər Planının təsdiq olunması haqqında Sərəncamına əsasən nəşr edildiyini bildirib. Bilik Fondu rəsmisi Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin elmi redaktorluğu ilə buraxılan jurnalın ədəbi-bədii, elmi-publisistik məziyyətləri, "Multikulturalizm ili" çərçivəsində ölkəmizdə və xaricdə görülən işlər barədə məlumat verib. 

Təqdimat mərasimlərində çıxış edən M.Əfəndi, Y.Rzayev, şair Cəlil Cavanşir bölgənin etnik rəngarəngliyi, multikultural mənzərəsi barədə danışaraq, jurnalın işıq üzü görməsini müsbət dəyərləndiriblər. Bölgədə yaşayıb yaradan müxtəlif etnik qruplara mənsub çox sayda sənətçinin yaradıcılıq nümunələrindən seçmələrin jurnalın növbəti saylarında yayılmasını arzu ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında 
Bilik Fondunun İnformasiya təminatı sektoru

Tarix: 05.07.2016

Son xəbərlər