Bilik Fondu nümayəndələri cəbhə bölgəsində oldular


Əsgərlərə kitablar hədiyyə olundu 

 

Prezident İlham Əliyev "2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında 11 mart 2016-cı il tarixli Sərəncamına əsasən, yerlərdə müxtəlif tədbirlər keçirilir, dövlət rəsmiləri bölgələrə səfər edir.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bilik Fondunun Himayəçilik Şurasının üzvü, akademik Kamal Abdullayevin iyulun 7-dən 10-dək Qarabağ və Gəncəbasar bölgəsinə səfəri zamanı Bərdə İmamzadəsində, Ağcabədi, Tərtər, Ağdam, Goranboy, Naftalan, Yevlax Cümə məscidləri, ziyarətgahlarda yerli və ətraf rayonların ziyalıları, din xadimləri ilə, eyni zamanda, bir neçə hərbi hissədə keçirdiyi görüşlər, etdiyi çıxışlar, görüş iştirakçılarının səsləndirdiyi fikirlər, irəli sürülən təkliflər Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İdarə Heyətində müzakirə olunub.

Görüşlərdə yaranan yeni ideyaların gerçəkləşməsi məqsədi ilə Bilik Fondu Qarabağ və Gəncəbasar bölgəsində xüsusi layihələrə başlayır. İyulun 13-də Fondun icrası direktoru Oktay Səmədov Tərtər rayonunda olub.

Səfər çərçivəsində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Fondun nümayəndələrini rayonda aparılan tikinti-quruculuq işləri ilə tanış edib. Qonaqlar küçələrin abadlaşdırıldığının, milli qəhrəmanlarımıza  barilyeflər qoyulduğunun, yeni kommunal xətlərin çəkildiyinin, aprel hadisələri zamanı işğalçı Ermənistan ordusunun dağıtdığı evlərin ölkə başçısının götərişi ilə yenidən tikildiyinin, müasir standartlara cavab verən orijinal üslublu Şahmat məktəbi binasının inşasında yekun işlərin aparıldığının, Tarix Diyarşünaslıq Muzeyinin təməlqoyma prosesinin şahidi olublar, qonaqlara rayon mərkəzində seyrangah tipli park salınacağı barədə məlumat verilib. 

İcra başçısı onu da vurğulayıb ki, yerli sakinlərin Qarabağ bölgəsi üzrə Bilik Evinin açılması ilə bağlı Fondun Tərtər ranyonu üzrə nümayəndəsi Gülarə Əkbərovaya ünvanladıqları çoxsaylı müraciətlər müsbət dəyərləndirilib, maarifləndirilmə tədbirlərinin effektivliyinin artırılması üçün Tərtər Regional Bilik Evinə məkan ayrılıb.  

Fondun icraçı direktoru Oktay Səmədov 19-cu əsrdə inşa olunan Tərtər "Cümə" məscidinin axundu Hacı Sadiq Cəfərov, onun müavini Hacı Məhərrəmlə görüşündə bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında dövlətimizin ərazisində yaşayan bütün xalqların dini dəyərlərinə yüksək qiymət verilir, dindarlara böyük qayğı göstərilir, dini ocaqların fəaliyyətinə geniş imkanlar yaradılır. O bildirib ki, məscid kitabxanalarını elmi, bədii, dini ədəbiyyatla zənginləşdirməklə yanaşı, müxtəlif bölgələrdən olan din xadimlərinin bir-biri ilə ünsiyyət qurmaları ideyasını reallaşdırmaq üçün sosial, mənəvi mövzularda “Dəyirmi masa"ların təşkili nəzərdə tutulur. Bununla əlaqədar yaxın günlərdə bir qrup ədəbiyyat adamları ilə dindarların, yerli ziyalıların, ictimaiyyət nümayəndələrinin Tərtər "Cümə" məscidindən başalayaraq, Qarabağ bölgəsinin digər dini ocqlarında görüşləri planlaşdırılır.  

Bilik Fondunun nümayəndələri icra başçısının rəhbərliyi ilə Tərtərin düşmənlə təmas xəttində yerləşən "N" saylı hərbi hissəsində əsgər və zabitlərin qonağı olublar. Əsgərlərə Ulu Öndər Heydər Əliyevə, Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunan kitablar, azərbaycanlı və xarici məşhur yazıçıların əsərləri, "Akademi kitab evi"nin verdiyi 4 cildlik "Azərbaycan dastanları" hədiyyə edilib. İcraçı direktor xalqımızın Azərbaycan ordusunun gücünə və əzminə inandığını vurgulayıb.   

Qeyd edək ki, Dövlət müşaviri yeni ünsiyyət vasitəsi kimi, hərbi hissələrdə ictimaiyyət nümayəndələri, dövlət rəsmiləri, alimlərlə əsgər və zabitlərin birgə diskussiya və konfranslarının təşkili ideyasını da irəli sürüb. Bilik Fondunun icraçı direktoru əsgərlərin hansı mövzuda, kimlərlə görüşmək istədiklərini öyrənəndən sonra yaxın günlərdə "İl boyu bilik" proqramı əsasında onların arzularının gerçəkləşdiriləcəyini də deyib.

Hərbi hissəyə hədiyyə olunan kitablara görə minnətdarlığını bildirən əsgərlər mütaliənin onlara mənəvi güc verdiyini, xüsusilə qəhrəmanlıq dastanlarımızdan nümunə götürdüklərini bildiriblər.

 

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun İnformasiya təminatı sektoru

Tarix: 14.07.2016

Son xəbərlər