Şəkidə demoqrafik inkişaf məsələlərinə həsr olunan elmi konfrans keçirildi


Sentyabrın 12-də Şəki şəhərində “Azərbaycan Respublikasında demoqrafik inkişaf: əhali məskunlaşmasının perspektivləri və regional problemləri” mövzusunda respublika elmi konfransı öz işinə başlayıb.

İki gün davam edəcək tədbirin təşkilatçıları Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Şəki Şəhər İcra Hakimiyyəti və AMEA Şəki Regional Elm Mərkəzidir.

AZƏRTAC xəbər verir ki, tədbiri Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov açaraq konfransın işinə uğurlar arzulayıb.

AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov konfransın məqsədi və müzakirə olunacaq məsələlər barədə danışıb. Qeyd olunub ki, tədbirin keçirilməsində əsas məqsəd ölkədə demoqrafik inkişaf problemləri, əhali məskunlaşmasının səmərəli ərazi təşkili, əhalinin milli-etnik tərkibinin formalaşması, multikulturalizm və tolerantlıq, turizm-rekresiya ehtiyatlarından istifadə və digər məsələlərdən irəli gələn problemlərin həlli yollarının işlənib hazırlanması, müzakirəsi və uyğun qərarların qəbuludur.

Bildirilib ki, son dövrlərdə Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən fəal demoqrafik siyasət, yaxşılaşan həyat şəraiti hesabına ötən əsrin sonundakı demoqrafik tənəzzül demoqrafik inkişafla əvəz olunub. Artıq əhalinin say artımı təbii artımla yanaşı, miqrasiya hesabına da formalaşır. Lakin regionların demoqrafik inkişafında, əhalinin artım tempində fərqlər mövcuddur. Strateji əhəmiyyət kəsb edən bir sıra həmsərhəd və dağlıq rayonlarda əhalinin demoqrafik inkişafı orta respublika səviyyəsindən aşağıdır.

Qeyd olunub ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində əhalinin demoqrafik inkişafında və məskunlaşmasının ərazi strukturunda müəyyən irəliləyişlər olsa da, paytaxtla dağlıq və düzənlik ərazilərdə yerləşən regionlar arasında fərqlər qalmaqdadır. Əhalinin sıx məskunlaşdığı, ekoloji şəraitin gərgin olduğu Bakı-Sumqayıt sənaye qovşağına regionlardan əhali axını davam edir, dağ kəndləri boşalır, geniş meşələr təsərrüfat dövriyyəsindən çıxır. Əhalinin yüksəklik qurşaqları üzrə yerləşməsində düzənlik və dağətəyi ərazilərin payı artır, orta və yüksək dağlıq ərazilərin xüsusi çəkisi isə azalır.

Konfransın plenar iclasında Bilik Fondunun aparat rəhbəri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev, AMEA Şəki Regional Elm Mərkəzinin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü, Əmlak Məsələləri Dövlət Komitəsinin xidmət rəisi Ramiz Quliyev mövzu ilə bağlı çıxış ediblər.

Sonra konfrans işini bölmə iclaslarında davam etdirib.

Konfransın birinci gününün bölmə iclasları “Şəki-Zaqatala iqtisadi rayonunun demoqrafik vəziyyəti və sosial-iqtisadi inkişaf problemləri” və “Şəki-Zaqatala iqtisadi rayonunda təbii-dağıdıcı hadisələr və onlardan mühafizə tədbirləri” mövzuları üzrə keçirilib.

İclasda “Azərbaycanda demoqrafik inkişafın regional problemləri və demoqrafik siyasət (Şəki-Zaqatala iqtisadi rayonunun timsalında)”, “Şəki inzibati rayonunda əhalinin məskunlaşması və demoqrafik inkişafın nizamlanması yolları”, “Azərbaycan regionlarının davamlı inkişafında turizm təsərrüfatının rolu və əmək ehtiyatlarının formalaşmasına təsiri”, “Şəki-Zaqatala iqtisadi rayonunda təhlükəli təbii-dağıdıcı hadisələrin təbii-təsərrüfat sisteminə təsiri” və digər mövzularda məruzələr dinlənilib, çıxışlar olub.

Elmi konfransın ikinci gününün bölmə iclasında “Şəki-Zaqatala iqtisadi rayonunda təbii-iqtisadi və landşaft-ekoloji potensialdan səmərəli istifadə edilməsi” mövzusu üzrə müzakirələr aparılıb.

Bölmə iclasında “Şəki rayonunun torpaq problemləri”, “Şəkinin Soyuqbulaq ərazisindəki seldən mühafizə qurğusunun əhəmiyyəti”, “Şəki-Zaqatala bölgəsinin bəzi landşaft növlərinin reqressiv ekocoğrafi təzahürləri və onların aradan qaldırılması yolları”, “Kənd turizmi marketinqinin ekoloji və sosial-iqtisadi aspektləri”, “Şimal-qərb bölgəsinin rekreasiya ehtiyatları və onların perspektivliyi”, “Qax rayonundakı Kürmük məbədi Azərbaycanda multikulturalizmin nümunəsi kimi”, “Şimal-qərb bölgəsində ipəkçiliyin inkişafının əhalinin məşğulluq probleminin həlində rolu və əhəmiyyəti”, “Böyük Qafqazın cənub yamacı landşaftlarının ekoloji-geokimyəvi şəraiti və onun insan sağlamlığına təsiri” mövzularında məruzələr dinlənilib.

Sonra iştirakçıların sualları cavablandırılıb. Geniş müzakirələrdən sonra konfransda səslənmiş təkliflər əsasında qərar layihəsi qəbul olunub.Bununla da, ikigünlük elmi konfrans öz işini başa çatdırıb.

 

AZƏRTAC

Tarix: 13.09.2016

Son xəbərlər