Şəmkir-Ağstafa turu “Qafqaz Albaniyasını öyrənirik” layihəsinin yeni səhifələrindəndir


Azərbaycan tarixinin qədim və erkən dövrlərini əhatə edən Qafqaz Albaniyası   ölkə ictimaiyyətinin diqqət mərkəzindədir. Politeist və monoteist konfessiyaları yaşayan Qafqaz Albaniyası Azərbaycan tarixçiləri və arxeoloqları tərəfindən diqqətlə öyrənilir, tariximizin açılmamış səhifələri araşdırılır. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili” elan etməsi bu istiqamətdə aparılan tədqiqatlara marağı daha da artırıb. Alim-tədqiqatçıların əldə etdikləri elmi nəticələri tələbələrin və ölkə ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi ilə 14-16 oktyabr 2016-cı il tarixlərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı əsasında respublikanın bir qrup alim və tələbələrinin iştirakı ilə “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində Şəmkir və Ağstafa  rayonlarına səfər təşkil ediblər.

Oktyabrın 14-də səfər iştirakçıları Gəncədə Nizami məqbərəsini və Cavadxanın məzarını ziyarət edib, Azərbaycan tarixinin alman səhisəfələrinin izlərindən olan, Şəmkir şəhərində yerləşən Kirxaya gedib, daha sonra rayonun Heydər Əliyev Mərkəzində “Azərbaycan multikulturalizmi” proqramı çərçivəsində dəyirmi masa təşkil olunub, Multikulturalizm Mərkəzinin analitika şöbəsinin müdiri, fəlsəfə doktoru Rəşad İlyasov Kamal Abdullayevin təşəbbüsü və redaktorluğu ilə nəşr olunan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının və 2016-cı il 1 saylı “Multikulturalizm” ədəbi-bədii, elmi-publisistik jurnalının təqdimatı ilə bağlı çıxış edib. Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Məleykə Əlizadə qonaqları salamlayaraq, onları rayonda olan Alban abidələri ilə bağlı məlumatlandırıb. Bilik Fondunun sektor müdiri Hacı Abdullanın moderatorluğu ilə keçirilən “dəyirmi masa”da  AMEA-nın alimləri Mübariz Xəlilov, İmaş Hacıyev və Ülviyyə Hacıyeva Azərbaycan multikulturalizminin qədim laylarından olan alban abidələri haqda apardıqları araşdırmalar barədə məlumat veriblər. Dəyirmi masada AMEA-nın alimləri – arxeoloqları, sənətşünasları, tarixçiləri Azərbaycan multikulturalizminin qədim laylarından olan alban abidələri haqda apardıqları araşdırmalar əsasında tədbir iştirakçılarına maraqlı məlumatlar verib, tarix elmləri doktoru Tarix Dostiyev qədim Şəmkir şəhəri haqqında məruzə ilə çıxış edib.

Səfərin ikinci günündə səfər iştirakçıları yerli ictimaiyyət nümayəndələri ilə birgə Azərbaycan Respublikası Şəmkir rayonunun Muxtariyyə kəndinin şimalında Şəmkirçayın sol sahilində yerləşən, Qafqaz Albaniyasının qədim şəhərlərindən olan  Şəmkir şəhərinin xarabalıqlarını ziyarət ediblər. Səyahət zamanı bələdçi tarix elmləri doktoru Tarix Dostiyev tur iştirakçılarının diqqətinə çatdırıb ki, Şəmkir orta əsrlərdə Arran memarlıq məktəbinin mühüm mərkəzlərindən biri olub, Ərəb yürüşləri  dövründə, yəni VII əsrin ortalarında  özünün yüksəliş dövrünü yaşayıb,  IX əsrin ikinci yarısı – X əsrdə bu şəhər mühüm sənətkarlıq və ticarət mərkəzinə çevrilib, XI-XII əsrlərdə çiçəklənmə çağını yaşayıb. Şəmkir şəhərinin inkişaf ahəngini monqol işğalı pozub, 1236-ci ildə şəhəri ələ keçirən müdaxiləçilər  onu xarabazara çeviriblər.

Şəmkir şəhərinin xarabalıqlarının ziyarətindən sonra  tur iştirakçıları  Ağstafa rayonuna yollanıb, Ağstafa şəhərindəki Yazıçılar Evində R.İlyasovun moderatorluğu ilə keçirilən “dəyirmi masa”da Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayevin təşəbbüsü və redaktorluğu ilə nəşr olunan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının və 2016-cı il 1 saylı “Multikulturalizm” ədəbi-bədii, elmi-publisistik jurnalının təqdimatı olub. Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin məsul işçisi Əziz Məsmalıyev qonaqları salamlayaraq, onları rayonda olan alban abidələri ilə bağlı məlumatlandırıb. Dəyirmi masada "Keşikçidağ" mağara-məbədlər kompleksi  haqqında sənətşünaslıq üzrə fəlsəfə doktoru İmaş Hacıyev, tarix üzrə fəlsəfə doktoru Anar Ağalar-zadə  maraqlı məruzələrlə ilə çıxış ediblər. AMEA-nın alimi Mübariz Xəlilov isə alban abidələri haqda apardıqları araşdırmalar barədə məlumat verib.

Səfərin üçüncü  günündə elmi turun iştirakçıları Azərbaycanın maddi-mədəni irsi  - Qafqaz Albaniyasının abidələrinin qiymətli nümunələrindən olan Ağstafa rayonunun Böyük-Kəsik kəndindən 28 kilometr  aralıda yerləşən,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2563 saylı 19 dekabr, 2007-ci il sərəncamı ilə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilən  abidəyə yollanıblar. Qoruğa səyahət sənətşünaslıq üzrə fəlsəfə doktoru İmaş Hacıyev, tarix üzrə fəlsəfə doktoru Anar Ağalarzadə“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun direktoru Musa Mursaqulovun bələdçiliyi ilə keçib,  Azərbaycan Respublikasınıın  ali məktəblərində təhsil alan bir qrup tələbə və 
professor-müəllim heyəti erkən  orta əsrlər dövrünə aid olan alban abidəsi ilə tanış olublar. Qoruğun ərazisində yerləşən70-dək mağara, ilkin orta əsrlərə aid bir qala, bir məbəd və bir inanc yerinin olması səfər iştirakçılarının diqqətinə çatdırıb və qoruğun ərazisində hündür yüksəkliklərdən biri olan ölkə Prezidentinin şərəfinə  adlandırılan "İlham Əliyev adına zirvə" tur iştirakçılarına göstərilib. Bələdçilər Azərbaycan tarixinin həqiqətlərini səfər iştirakçılarının diqqətinə çatdıraraq bildiriblər ki, buradakı təbii mağaraların yaşı 2 min ili keçir və Azərbaycan multikulturalizminin ilkin qatlaırını təşkil edir. Belə ki, bu məkan xalqımızın ulu əcdadlarının xristianlığa qədərki inancları ilə bağlı olub, bütpərəst əhali - aya, günəşə tapınanlar dini baxışlarını hifz etmək üçün bu dağlara çəkilib həyat sürüblər. Daha sonra atəşpərəstlər dini etiqadlarını davam etdirmək üçün qayalarda çapıb düzəltdikləri mağara-sığınacaqlarda yaşayıblar. Eramızın I-II əsrlərindən başlayaraq, Azərbaycan multikulturalizminin ilkin qaynaqlarını mühafizə edən bu məkana Qüdsdən xristian missionerlər gəlib, Qafqaz Albaniyasında xristianlığı təbliğ ediblər. 313-cü ildə çar Urnayr Qafqaz Albaniyasında xristianlığı rəsmi dövlət dini elan etdikdən sonra memarlıq məziyyətləri ilə diqqəti cəlb edən Alban Apostol kilsəsinin məbədlərinin inşasına başlanmışdı. Bələdçilər onu da diqqətə çatdırıblar ki, VII əsrin ortalarından başlayaraq, Qafqaz Albaniyasında İslam dininin yayılması ilə əlaqədar xristianlıqdan imtina etməyən albanlar sıldırım qayalıqlarda yerləşən qala tipli tikilini inşa ediblər.

Bu elmi səyahət çərçivəsində Qafqaz Albaniyasının sirli dünyasının öyrənilməmiş səhifələrini, respublika alimlərinin apardıqları araşdırmaları ölkə ictimaiyyətinin diqqətinə çatdıran Multikulturalizm Mərkəzi və Bilik Fondu Azərbaycan tarixinin öyrənilməsində ciddi addımlar atıblar. Bu addımların yüksələn xətlə getməsi üçün təhsil və elm ocaqları tariximiz üçün önəmli olan bu işə qoşulmalıdırlar.

Tarix: 17.10.2016

Son xəbərlər