“Yelizavetpol quberniyasının udin kəndləri: biz nə bilirik”


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birgə həyata keçirdiyi “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində ölkəmizin müxtəlif bölgələrinə yerli və xarici tələbələrin səfərləri təşkil olunur, Qafqaz Albaniyasının tarixinə, abidələrinə dair mühazirələr, “dəyirmi masa”lar, müzakirələr keçirilir.

Azərbaycan tarixinin qədim və erkən dövrlərini əhatə edən Qafqaz Albaniyası son dövrlər tapılmış antik yaşayış məskənləri ilə hazırda ölkə ictimaiyyətinin dıqqətini cəlb edir. Azərbaycanın müasir sivilizasiyanın ən qədim beşiklərindən olduğunu dünya elminə sübut edən arxeoloq-alimlərimiz tariximizin açılmamış səhifələrini araşdırmaqda davam edirlər. XX əsrin 70-ci illərindən başlayaraq, bu məsələ arxeoloqların diqqətini cəlb etsə də, Azərbaycanda qədim dövrdə salınmış antik yaşayış məskənləri yalnız son illərdə ciddi şəkildə öyrənilməyə başlanıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın “Yelizavetpol quberniyasının udin kəndləri: biz nə bilirik” mövzusunda mühazirəsi təşkil olunub.

Rayon ziyalılarının, filialın müəllim və tələbələrinin iştirak etdiyi tədbirdə Nazim Mustafa geniş məruzə ilə çıxış edib. Bildirib ki, udinlər əsasən Albaniyanın Qəbələ, Şəki, Paytarakan, Girdiman və Uti vilayətlərində yaşayıblar. Tarixən Günəşə, Aya sitayiş edən udinlər IV əsrin əvvəllərində xristianlığı qəbul ediblər. VII əsrin ikinci yarısından etibarən Qafqaz Albaniyası ərazisində İslam dini yayılsa da, udinlər əsrlər boyu türk-müsəlman əhalisi ilə birgə sülh şəraitində yaşayıblar. Lakin zaman keçdikcə, yalnız Qəbələ və Oğuz ərazisində yaşayan udinlər öz adət-ənənələrini və dillərini (yazısız) qoruyub saxlaya biliblər.

2009-cu il siyahıyaalınmasına görə, Azərbaycanda 3,8 min nəfər udin qeydə alınıb. Hazırda onlar Oğuz şəhərində, həmçinin Qəbələ rayonunun Nic qəsəbəsində yaşayırlar. Udin dilinin üç dialekti var: Oğuz, Nic və Oktomberi (Gürcüstanda kənd). Nic dialekti də, öz növbəsində, üç hissəyə bölünür: aşağı, aralıq və yuxarı. Belə ehtimal var ki, bu hissələr Tovuz rayonunun Kirzan, Qarabağın Seysulan və Həsənqaya kəndlərindən olan müxtəlif udin qruplarına uyğun dialektlərdir. Bu tayfalar yaşadıqları ərazilərin XIX əsrdən başlayaraq ermənilər tərəfindən məskunlaşdırılması nəticəsində Nic və Oğuza köçüblər.

Tələbələr “Yelizavetpol quberniyasının udin kəndləri: biz nə bilirik” mövzusunda mühazirəni maraqla dinləyiblər. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

“Qafqaz Albaniyasını öyrənirik” layihəsi davam edir.

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun İnformasiya təminatı sektoru

Tarix: 14.11.2016

Son xəbərlər