Şəmkirdə Bilik Evi açıldı - Fotolar


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik FonduŞəmkir Heydər Əliyev Mərkəzi arasında imzalanmış Niyyət Protokolu çərçivəsində əməkdaşlığın davamlı və səmərəli fəaliyyətinin təşkili məqsədi ilə mayın 23-də Şəmkir Heydər Əliyev Mərkəzinin inzibati binasında Bilik Evinin açılış mərasimi keçirilib.

Şəmkir Heydər Əliyev Mərkəzinin təşəbbüsü və Bilik Fondunun dəstəyi ilə fəaliyyətə başlayacaq Bilik Evinin açılış mərasimində Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədov, Şəmkir Heydər Əliyev Mərkəzinin direktoru, millət vəkili Sona Əliyeva, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir rayon Rus İcmasının sədri Valeriya İvanovna, müxtəlif dini icma, yerli Təhsil Şöbəsi, Mərkəzi Xəstəxana, Mədəniyyət Şöbəsi, Polis Şöbəsi, Gənclər və İdman İdarəsi, Tarix və Diyarşünaslıq muzeyi, Gənc Müəllimlər Birliyi, Gənc Həkimlər Birliyi, "Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri” İctimai Birliyi, “Şəmkir Regional Qeyri-Hökümət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyi, Bakı Oksford Məktəbinin Şəmkir filialı, “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi", “Kids Academy” uşaq bağçasının rəhbərləri və nümayəndələri, Bilik Fondunun əməkdaşları iştirak ediblər.

Açılış mərasimindən əvvəl qonaqlar Mərkəzlə yaxından tanış olublar, Heydər Əliyev irsinin qorunması, tədqiqi, təbliği istiqamətində və gənclərin maarifləndirilməsi yolunda Mərkəzin gördüyü işlər, həyata keçirilməsi nəzərdə tutulan gələcək layihələr barəsində ziyarətçilərə geniş məlumat verilib.

Şəmkir Bilik Evinin açılış mərasimində ilk çıxış edən millət vəkili Sona Əliyeva rəhbərlik etdiyi Mərkəzlə Bilik Fondunun birgə təşkilatçılığı ilə Bilik Evinin yaradılmasının həm Şəmkir rayonunda, həm də ətraf bölgələrdə böyük uğurlara imza atacağına əminliyini bildirib.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov bir neçə bölgədə Bilik Evlərinin açıldığını xatırladaraq, onların fəaliyyətindən söz açıb. İcraçı direktor deyib ki, Fondun bütün bölgələr üzrə təyin olunan nümayəndələri Bilik Evləri ilə birgə mütəmadi tədbirlər keçirir və qarşılıqlı dəstəyin nəticəsində böyük nailiyyətlərə imza atılır. O.Səmədov həm Nardaranda, həm də Şəmkirdə Bilik Evinə millət vəkillərinin rəhbərlik etdiyini vurğulayaraq, bu hadisəni Fondun uğuru kimi dəyərləndirib: "Ev deyəndə adamın düşüncəsində isti ocaq, rahatlıq, səmimiyyət, doğmalıq kimi gözəl hisslər hakim kəsilir. Əminik ki, Bilik Evi də sizə doğma ocağınız qədər isti ocağa çevriləcək

Şəmkir Rayon İcra hakimiyyəti başçısı Alimpaşa Məmmədov bilikləndirmə missiyası daşıyanlara Şəmkir rayonunun bütün sakinlərinin dəstək verməyə hazır olduğunu deyib. İcra başçısı bildirib ki, Bilk Evinin rayonun hərtərəfli və sürətli inkişafına güclü təkan olacağına inanır:"Bütün şəmkirlilər Bilik Evinə məbəd kimi baxmalıyıq. Bilik Evi məbəd içərisində məbəddir. Şəmkir Heydər Əliyev Mərkəzi böyük həvəslə öz qapılarını Bilik Fondunun Bilik Evinə açdı. Biz buna çox sevinirik və bu hadisəyə görə hamınızı təbrik edirəm".

Şəmkir rayon Rus İcmasının sədri Valeriya İvanovna əsrlərdir multikultural dəyərlərini qoruyan və tətbiq edən Azərbaycanın vətəndaşıolmaqdan qürür duyduğunu söyləyərək, Şəmkirdə yaşayan bütün xalqların nümayəndələrinin ölkənin inkişafına yönəlmiş işlərdə yaxından iştirak etdiklərini vurğulayıb. V.İvanova Bilik Evinin layihələrinə məmnuniyyətlə qoşulmağa hazır olduqlarını bildirib.

Digər çıxışçılar da Şəmkir Bilik Evinin fəaliyyətinə uğurlar arzulayaraq, bu ocağın ixtisaslı, bacarıqlı kadrların yetişməsində baza rolu oynayacağına əminliklərini ifadə ediblər.

Həmin gün Bilik Evinin ilk "Dəyirmi masa"sı gerçəkləşib. Bilik Fondu nümayəndələri Şəmkirdə fəaliyyət göstərən Gənc müəllimlər və Gənc Həkimlər birliklərinin üzvləri ilə "Sağlam bədən, sağlam ruh, sağlam düşüncə" mövzusunda müzakirələr aparıblar.

Hazırda Bilik Fondunun 3 bölgədə - Qax, Oğuz rayonlarında, Nardaran qəsəbəsində Bilik Evləri fəaliyyət göstərir. Yaxın vaxtlarda Astara və İsmayıllı rayonlarında Bilik Evinin açılması planlaşdırılır.

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun İnformasiya təminatı sektoru

Tarix: 23.05.2016

Son xəbərlər