Nardaran Bilik Evində müəllimlərə sertifikatlar təqdim edildi - Fotolar


Nardaran Bilik Evində qəsəbənin ümumtəhsil məktəblərinin müəllimləri üçün təşkil olunmuş "Təhsilverənlərin peşəkarlığının inkişaf etdirilməsi və icma maarifçiliyi" mövzusunda təlim kursunu uğurla başa vuranlara sertifikatlar təqdim edilib. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun birgə təşkil etdiyi kurs dörd gün ərzində davam edib. Təlim müddətində mütəxəssislərlə tədrisin planlaşdırılması, sinifdaxili proseslərin idarə olunması, məktəbdaxili qiymətləndirmə, mənəvi dəyərlərin aşılanması mövzularında fikir mübadiləsi aparılıb, qabaqcıl təcrübə nümunələri bölüşülüb. 

Tədbirdə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun direktor müavini Faiq Şahbazlı, şöbə müdiri Afaq Əliyeva, aparıcı elmi işçi Xalidə Talıbova, Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova, aparıcı məsləhətçi Ramilə Qurbanlı iştirak ediblər. 

Nardaran Bilik Evinin rəhbəri, Milli Məclisin deputatı Dilarə Cəbrayılova belə təlimlərin müəllimlərin peşəkarlıq səviyyəsinin artırılmasında böyük rol oynadığını deyib. 

Çıxış edənlər – F.Şahbazlı, X.Hüseynova və A.Əliyeva təlim iştirakçılarını təbrik edərək təhsilin inkişafında, gələcək nəslin savadlı və hərtərəfli yetişdirilməsində müəllimlərin məsuliyyətinin və yüksək peşəkarlıq vərdişlərinin olmasının zəruriliyini vurğulayıblar. Yeni yaradılmış Nardaran Bilik Evinin bu sahədə xeyli səmərəli layihələr həyata keçirdiyini, burada ödənişsiz kurslar təşkil edildyini xatırladan natiqlər yerli gənclərin bu təlimlərdən faydalanmasının vacibliyini də qeyd ediblər. 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu arasında imzalanmış əməkdaşlıq haqqında Sazişə görə, maarifçilik istiqamətində həyata keçirilən birgə layihələr digər bölgələrdə də davam etdiriləcək.

Azərbaycan Respublikasının Prezidenti yanında 
Bilik Fondunun İnformasiya təminatı sektoru

Tarix: 03.06.2016

Son xəbərlər