Bilik Olimpiadasının qalibləri mükafatlandırıldı - Fotolar


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, "Galaxy Group" Təhsil Mərkəzi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə 28 may Respublika günündə və 15 iyun Milli Qurtuluş günündə respublikanın ali məktəb tələbələri arasında keçirilmiş və "Multikulturalizm ili"nə həsr olunmuş "Azərbaycanın ən zəkalı bir incisi" Bilik Olimpiadası qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında keçirilmiş tədbirdə gənclərin məntiqi təfəkkür, informatika, xarici dillər üzrə bilik səviyyəsini və multikulturalizm anlayışları ilə tanışlıq dərəcəsini müəyyənləşdirən suallara daha düzgün cavab verərək yarışmada yüksək nəticə göstərmiş tələbələr və onların valideynləri, təşkilatçı qurumların təmsilçiləri və media nümayəndələri iştirak etmişlər.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və "Galaxy Group" Təhsil Mərkəzinin direktoru Yasin Zahidov Olimpiada qaliblərini təbrik etmiş, onlara rəhbərlik etdikləri qurumların diplom və tərifnamələrini, qiymətli hədiyyələrini təqdim etmişlər. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının III kurs tələbəsi Asiman Qocayev I, Qafqaz Universitetinin II kurs tələbəsi Bəhruz Aydınlı II, Bakı Ali Neft Məktəbinin III kurs tələbəsi Asiman Səidzadə III dərəcəli diplomlarla təltif olunmuşlar.

Qafqaz Universitetinin 20, Bakı Ali Neft Məktəbinin 9, Dövlət İdarəçilik Akademiyasının 8, Azərbaycan Dövlət İqtisad Universitetinin 6, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 4 tələbəsi yüksək bilik səviyyəsi nümayiş etdirərək 1000 nəfərədək gəncin qatıldığı Bilik Olimpiadasında uğurla çıxış etmiş iştirakçıların ilk əlliliyinə daxil olmuşlar.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda Olimpiada qaliblərindən ibarət İntellektual Gənclər Klubunun yaradılması təklifi irəli sürülmüşdür.

Tarix: 02.07.2016

Son xəbərlər