Bilik Fondu AMEA ilə birgə müəllimləri təbrik etdi (FOTOLAR)


Oktyabrın 4-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Təhsil Problemləri İnstitutu (TPİ) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə 5 oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə Təhsil Problemləri İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Kolleci, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Qızlar Universitetinin müəllim və tələbə kollektivi iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov bu əlamətdar gün münasibətilə Bilik Fondu adından müəllimləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

O.Səmədov Bilik Fondunun müəllimlərlə sıx əlaqədə çalışdığını xatırladarq, Fondun 75 rayonda nümayəndəsinin məhz məktəb direktorları olduğunu bildirib. Müəllim peşəsinin müqqədəs olduğunu deyən icraçı direktor bu şərəfli adın daşıyıcılarının gənc nəslin tərbiyəsində rolundan danışıb.

Milli Məclisin elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edib. Bu peşənin çətin və şərəfli olduğunu qeyd edən akademik müəllimin dünyagörüşünü, tələbə-müəllim münasibətinin incəliklərinə toxunub. Ulu öndər Heydər Əliyevin "müəllimdən müqəddəs peşə yoxdur" sözlərini xatırladan akademik bildirib ki, təhsil mütləq elmlə vəhdətdə olmalıdır. İ.Həbibəyli təhsillə bağlı qanunvericilikdə olduqca səmərəli dəyişikliklər, əlavələr olduğunu deyərək, AMEA-nın bu istiqamətdə gördüyü işlərdən danışınb. AMEA-nın vitse prezidenti onu da qeyd edib ki, 25 yaşı olan müstəqil Azərbaycanda 3 minə yaxın məktəbin tikilməsi və əsaslı təmir edilərək istifadəyə verilməsi dövlətin təhsilə qayğısının bariz nümunəsidir.

İ.Həbibbəyli məktəbləlilərin azərbaycançılıq ruhunda tərbiyə olunmasının vacibliyinə toxunaraq, müəllimləri şagird və tələbələrdə savad, elm, təhsil aşılamaqla yanaşı, onlara vətənpərvərlik mədəniyyəti öyrətməyə çağırıb. 

Tədbirdə V Bakı Beynəlxalq Hümanitar Forumda iştirak edən Latviya Elmi Tarixi Araşdırma İnstitutunun direktoru, professor Algimantas Lıekıs Forumdan aldığı təəssüratı bölüşüb. Professor qeyd edib ki, Azərbaycanın multikultural mühiti onun insanlarının simasında, yaşantısında, qəlbində öz əksini tapır. Belə insanları müəllimlər yetişdirir. Məhz buna görə Azərbaycan müəllimi böyük hörmət və ehtirama layiqdir. Litvalı professor onun təmsilçisi olduğu xalqla Azərbaycan xalqının oxşarlığından danışaraq deyib ki, bu oxşarlıq xüsusən mədəniyyətdə, öz kökünə bağlılıqda nəzərə çarpır.  

AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov keyfiyyətli təhsilin əhəmiyyətini önə çəkərək savadlı gənclərin ölkənin gələcəyi olduğunu söyləyib. M.İmanov Ermənistanla müharibə şəraitində yaşayan Azərbaycanda vətənpərvər gənclik yetişdiyini qeyd edərək, son savaşlarda həmin insanların göstərdiyi şücaəti müəllimlərin əməyinin nəticəsi kimi qiymətləndirib.

Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu müəllim adının yüksək tutulduğu cəmiyyətdə daim inkişaf olduğunu  diqqətə çatdırıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Tural Mirzəliyev deyib ki, tələbə müəllimin yalnız dərsindən yox, həm də davranışlarından öyrənməlidir.

AMEA Fəlsəfə İnstitutunun direktoru professor İlham Məmmədzadə müəllimləri filosof adlandırıb və dünyanın formalaşmasında əxlaq daşıyıcısı olan pedaqoqların danılmaz rolunu qeyd edib.

Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev ilk müəllimin hər bir insanın yaddaşında daimi yaşadığını bildirib. Aparat rəhbəri müəllimlərə daim şagird və tələbələrinin yaddaşında qalmalarını arzulayıb.

Tədbirdə söz alan müəllim və tələbələr Beynəlxalq Müəllim Günü münasibəti ilə Azərbaycan müəllimi adını daşıyan hər kəsi təbrik edib, şərəfli peşədə onlara uğurlar arzulayıblar.

Sonda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təqdim etdiyi bir qrup fəal müəllimə Bilik Fondunun təşəkkürnamələri və hədiyyələri təqdim olunub.  

 

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun İnformasiya təminatı sektoru

Tarix: 04.10.2016

Son xəbərlər